“Ən böyük korrupsiya incəsətdədir” – Afaq Bəşirqızı – MÜSAHİBƏ – FOTOLAR

“Ən böyük korrupsiya incəsətdədir” – Afaq Bəşirqızı – MÜSAHİBƏ – FOTOLAR

“Şöhrət” ordenli xalq artisti Afaq Bəşirqızı PrimeTime.Az-ın “Tet-a-Tet” rubrikasının qonağıdır.

Afaq xanımla Sumqayıt Teatrında İsi Məlikzadə və Süleyman Ələsgərovun “Subaylarınızdan görəsiniz” komediyasının məşqləri zamanı görüşdük. Məhz bu səbəbdən söhbətimizin mövzusu Sumqayıt Teatrı və yeni tamaşa ilə bağlı oldu.

– Afaq xanım, özünüzü necə hiss edirsiniz? Səhhətiniz necədir?

– Şükür Allaha, normalam. Müalicələrim davam edir. Tamaşalarımı oynayıram. Məşqlərimə müntəzəm gəlirəm. Gördüyünüz kimi hazırda da məşqdəyəm.

– Sumqayıt Teatrında “Subaylarınızdan görəsiniz” tamaşasının intensiv məşqləri gedir. Bu gedişlə tamaşanı yaxın günlərdə təhvil verəcəksiniz?

– İnşallah. Hələlik, məşqlər davam edir. Tamaşa martın əvvəlində hazır olacaq. Musiqili Teatrda da yeni tamaşanın məşqləri gedir. Amma bütün gücümü bura yönəltmişəm. Bu tamaşa müvəffəqiyyətlə təhvil verilməlidir. Çünki, Sumqayıt Teatrına hər zaman qayğı ilə yanaşmışam. Həyatımın 15 ili Sumqayıt Teatrı ilə bağlıdır. Fəxrlə deyə bilərəm ki, bu teatrda namusla, alın təri ilə işləmişəm. Bu teatrın qayğısına qala-qala, Sumqayıt Teatrının yaşaması üçün çalışmışam. İndi baxanda görürəm ki, keçmiş kollektivdən heç kim qalmayıb. Onların yarısından çoxu dünyasını dəyişib, bəziləri başqa teatrlara gedib.

– Demək olar ki, Sumqayıt Teatrında köhnələrdən heç kim qalmayıb…

– Hə, keçmiş aktyorlardan heç kim qalmayıb. Sumqayıt Teatrında indi gənclər və orta nəslin aktyorları çalışır. O dövrdən təkcə Növrəstə Həşimova qalıb. Ona görə də mənə bu təklif gələndə məmnuniyyətlə razılıq verdim. .

– Afaq xanım, təklif kimdən gəldi? Sumqayıt Teatrından?

– Təklif teatrdan gəldi. Daha dəqiqi Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovdan. Zakir müəllimi uzun illərdir tanıyıram. Diqqətli insandır. Qurub-yaratmağı sevir. Sumqayıt Teatrının təmirdən sonra açılışında mənə bu təklif gəldi. Təklif belə oldu ki, mən bu teatra gəlim və bir tamaşa ilə çıxış edim. Mən razılaşdım. Verdiyim sözün arxasında dayanan insanam. Yaradıcı heyətlə, teatrın baş rejissoru Firudin Məhərrəmovla belə qərara gəldik ki, İsi Məlikzadə və Süleyman Ələsgərovun “Subaylarınızdan görəsiniz” komediyasını hazırlayaq.

Bir cavab yazın