“Zərrəcik sənətimə qiymət verdiyiniz üçün təşəkkür edirəm” – 70 yaşlı Mübariz Tağıyev – FOTOLAR, VİDEO

“Zərrəcik sənətimə qiymət verdiyiniz üçün təşəkkür edirəm” – 70 yaşlı Mübariz Tağıyev – FOTOLAR – VİDEO

Ötən gün Heydər Əliyev adına Sarayda xalq artisti Mübariz Tağıyevin 70 illik yubileyinə həsr olunmuş konsert baş tutdu.

Anşlaqla keçən konsertdə cavan nəslin nümayəndələrinin üstünlük təşkil etməsi diqqət çəkən məqamlardan oldu.

Sənətkarın yubileyində tanınmış simalar da iştirak edirdi. Gecəyə qatılanlar sırasında xalq artistləri Yalçın Rzazadə, Oqtay Mirqasımov, Eldar Mansurov, əməkdar incəsənət xadimi Gövhər Həsənzadə, aparıcı-xeyriyyəçi Hacı Nuran olub.

Nurlana Cəfərovanın aparıcılığını etdiyi gecədə səbəbkar Mübariz Tağıyev zalda əyləşən dinləyicilərə təşəkkür edib: “70 ilin necə gəlib keçdiyini bilmədim. Amma bildiyim tək bir şey var ki, o da sizin üçün darıxmışdım. Zərrəcik qədər olan sənətimə böyük qiymət verdiyiniz üçün təşəkkür edirəm”.

Təvazökar nitq söyləyən xalq artistinin sözləri alqışla qarşılanıb. M.Tağıyev daha sonra sözlərinə belə davam edib: “Uzun illərdən bəri sinəmdə toplaşan sözlərimi sizinlə bölüşəcəyəm. Bu gün müəyyən mahnılar səslənəcək ki, yaşıdlarım onları çox yaxşı bilir. Amma burada cavan nəslin nümayəndələri də əyləşib. Ona görə də repertuara yeni mahnılar da əlavə olunub”.

Konsertdə ifaçının mahnıları sənət yoldaşları xalq artisti Aygün Kazımova, əməkdar artistlər Tünzalə Ağayeva, Manana, müğənnilər Səbinə Babayeva, Samirə Allahverdi, Fuad Musayev, İlqar Xəyal, Azad Şabanov tərəfindən ifa olundu.

Canlı ifaları ilə hər kəsi nostalji hisslərə kökləyən Mübariz Tağıyev musiqisi Elza İbrahimovaya, sözləri Aslan Abdullayeva aid olan “Ey vətən” adlı əsərini səsləndirmədən öncə mahnının ilk ifaçısı xalq artisti Rəşid Behbudovla bağlı xatirəsini bölüşüb: “Qastrol üçün mahnı seçirdim. Rəşid Behbudov təklif etdi ki, “Ey vətən” bəstəsini ifa edim.

Ona “Sizdən sonra o mahnını necə ifa edə bilərəm? Bu mümkün deyil” söylədim. Cavabında isə “Əsas odur ki, Azərbaycanda oxuma. Qalanı isə problem deyil” dedi”.

Bir cavab yazın