Son günlər ən çox onlar müzakirə olunur – “Efirdə cinsi orientasiyası deyil,..” –

Son günlər ən çox müzakirə olunan mövzulardan biri cinsi orientasiyası ənənəvi olmayan insanların efirə çıxarılmasıdır. Bu mövzuda iki fikir var. Kimiləri deyir ki, onların öz cinsi seçimlərini efirdə insanlara qabarıq formada çatdırması cəmiyyəti, insanların əxlaqını pozur. Kimiləri isə bu məsələnin müzakirə olunmasını və onların efirdən uzaqlaşdırılmasını hüquqlarının pozulması kimi qiymətləndirir.

Rejissor Kənan M.M sosial şəbəkədə tez-tez paylaşımlar edərək cinsi azlıqların efirdən uzaqlaşdırılmasını tələb edir. Rejissora dəstək verən aktyor və aktrisalar da az deyil. Bəs, cinsi orientasiyası ənənəvi olmayan insanların efirə çıxarılmasının hansısa mənfi tərəfi varmı? Onlara cinsi seçimlərinə görə qiymət vermək insan hüquqlarını pozurmu?

Dergi.az mövzu ilə bağlı sorğu keçirib. Sosioloq Cavid İmamoğlu bildirib ki, insanların efirə dəvət olunması üçün başlıca şərt onun danışdığı sahə üzrə ekspert olmasıdır:

“Təkcə cinsi orientasiyası ənənəvi olmayan insanlar yox, ənənəvi orientasiyası olan insanların da efirə dəvət olunması üçün başlıca şərt onun danışdığı sahə üzrə ekspert olmasıdır. Təəssüflər olsun ki, bəzi TV və sayt rəhbərlərini insanların ekspertliyi yox, qalmaqallı çıxışları maraqlandırır. Onların daxilindəki qeyri-rasional populyarlıq ehtirasıdır ki, efirə və mövzuya uyğun olmayan şəxsləri danışdırıb, qalmaqal adı ilə reportajlar hazırlayırlar. İnsanlara münasibətdə cinsi orientasiya qabardılmamalıdır. Ümumiyyətlə, hansısa insan qrupunu stiqma altında saxlamaq, onlara xüsusi ləkələr vurmaq düzgün deyil. Düşünürəm ki, cinsi oriyentasiya heç bir halda müzakirə mövzusu olmamalıdır”.

Sosioloq Sənubər Heydərova deyib ki, insanların cinsi mənsubiyyəti müzakirə mövzusu olmamalıdır:

“Bu mövzunun aktuallığı bir tərəfdən ürək ağrıdıcıdır. Təəssüf ki, LGBT mənsubları hələ də sırf cinsi mənsubiyyətinə görə ayrı-seçkiliyə və təhqirlərə məruz qalırlar. Digər tərəfdən hər bir mövzu cəmiyyətin süzgəcindən keçməyə müzakirələrlə başlayır. Bu, ağrılı və uzun bir prosesdir. Əvvəla qeyd edim ki, onlar efirdə indi çox görünmürlər: onlar həmişə efirdə olublar və sevərək izlədiyimiz bir çox məşhur hər zaman LGBT mənsubluğu daşıyıb. Sadəcə indi onların cinsi seçimi daha çox müzakirə olunur. Görünür, mövzu qıtlığı, azad söz və rəqabət mühitinin olmamasına görə azad müzakirələrin azlığı müzakirələrin beldən aşağı səviyyəyə düşməsinə səbəb olub. Əgər bu problem cinsi azlıqda qalan vətəndaşların problemlərinə, təhlükəsizliyinə yönəlmiş olsaydı, onu qətiyyən “beldən aşağı” qiymətləndirmək olmazdı. Amma artıq kiminsə əxlaqını pozmaq müzakirəsi gedirsə, bu, birbaşa fərdlərin yatağına və şəxsi seçimlərinə müdaxilə kimi qiymətləndirilməlidir. Homoseksuallıq, yaxud digər cinsi mənsubiyyət heç bir halda təbliğatla, yaxud təsir altına düşmə ilə seçim edilən məsələ deyil. Bu, əsasən doğuluşdan bəri fərdə məxsus olan, sosial təzyiqlə gizlədilmiş, yaxud basdırılmağa çalışan fiziki göstəricidir. Buna görə də televiziyada onların daha çox çıxış etməsi ilə homoseksualizm artmır, yaxud tənqid edilməklə azalmır. “Bizdə əvvəllər belə şeylər yox idi” deyən şəxslərə təkidlə Nizaminin əsərlərini oxumağa dəvət edirəm. Hələ 900 il əvvəl yazılan əsərdə “tül paltarlar geyinmiş oğlanlar” cümləsi rahatlıqla yazılırsa, bu illər ərzində o əsərləri dünyaya fəxrlə təqdim etmişiksə, indi, bu dövrdə LGBT mənsubu niyə hələ də qorxmalı, yaxud utanmalıdır? Homoseksuallıq bütün dövrlərə və zamanlara məxsusdur, o, yeni deyil, qorxulu deyil. İnsanlara bacarığına, qabiliyyətinə, savad və istedadına görə yox, onun cinsi seçimlərinə görə qiymət verən şəxslərin çoxu ya latent homoseksualdırlar, əslində özlərinin hiss etdiklərindən qorxurlar, yaxud və adətən mövzu haqqında tam məlumatsız olanlardı. Ümid edək ki, müzakirələr insanların daha çox maariflənməsi və LGBT üzvlərinə münasibətin müsbətə doğru dəyişməsi ilə nəticələnəcəkdir”.