Afətdən “Bu şəhərdə”nin parodiyasına reaksiya: “Tarixi hadisədir”

Müğənni Afət Fərmanqızı “Bu şəhərdə” komandasının onu parodiya etməsinə münasibət bildirib.

Dergi.az saytına açıqlama verən ifaçı deyib ki, onların bu addımı Afətin reklamıdır: “Ötən gün konsertdə qonaq oldum. Çox güldüm. Onların məni parodiya etməsini çox gözəl qarşılayıram. Bu hər müğənniyə qismət olmayan uğurdur. Bəli, mən bunu uğur adlandırıram. Çünki Rafael və Coşqun sıradan parodiyaçı deyil, hər adamı parodiya etmirlər. Burada şəxsiyyət təhqir olunmur, sənətlə bağlı tamaşa göstərilir. Bəzi insanlar lağ etməklə parodiyanı səhv salırlar. Özünə güvənlə tərifi səhv başa düşdükləri kimi.. Mən özünə güvənən qadınam, amma bəzi insanlar elə başa düşür ki, mənəm-mənəmlik edirəm, özümü tərifləyirəm. Bu reklam şou yaradıcılığında mənə 10 il bəsdir. “Bu şəhərdə”nin məni parodiya etməsi şou aləmində tarixi hadisədir. Çünki illərin sənətçiləri, sənətkarları var ki, bir mahnısı sevilmir, yadda qalmır. Onları tənqid də etmirlər. Amma müzakirə olunmaq, tənqid edilmək üçün ürəkləri gedir. Hamının reklama ehtiyacı var, onlar da məni reklam edir. Bu parodiya uzun müddət yaddaşlarda qalacaq. Azərbaycan şou-biznesdə “Bu şəhərdə” komandasından o yana yumorist tanımıram. Onların konsertləri anşlaqla keçib. “Bu şəhərdə” komandasına təşəkkür edirəm”.