Lent

Aygün “Kelebek”dən yazdı: “Bu uğur hamımızındır” – FOTOLAR

Xəbər verdiyimiz kimi, xalq artisti Aygün Kazımova “Altın Kelebek” mükafatına layiq görülüb. Belə ki, xalq artisti Azərbaycanda keçirilən səsvermə nəticəsində nüfuzlu tədbirdə mükafat almağa haqq qazanıb.

Tədbirdən öncə qırmızı xalı üzərinə keçən xalq artisti Rüfət İsmayıl imzalı boz, parlaq kostyumu ilə diqqət çəkib. Xalq artistinin geyimi sosial şəbəkədə müzakirə olunub. İstifadəçiləri ifaçının başına taxdığı aksessuarı bəyənmədiklərini bildiriblər.

Daha sonra Aygün mükafat almaq üçün səhnəyə dəvət olunub. Aygün bu dəfə də Rüfət İsmayılın kolleksiyasına müraciət edib. Qısa qara donunu uzun çəkmələrlə tamamlayıb. Onun libasının qapalı və dekoltesiz olması diqqət çəkib.

Xalq artistini sosial şəbəkədə ilk təbrik edən müğənni  Ceyhun Qala olub. Sənət dostları da onun yanında olduqlarını bildirərək, bir-bir xalq artistini təbrik edib, uğuruna sevindiklərini yazıblar.

Kazımova təbriklərə cavab olaraq “Bu uğur hamımızındır” yazaraq təşəkkür edib.

Qeyd edək ki, namizədlər arasında Günay İbrahimli, Dilarə Kazımova, Aysel Əlizadə, Səmra Rəhimli, Xatirə İslam və Roza Zərgərli olub.