Azərbaycanın ilk fotoqrafı Mircavad Axundzadə – VİDEO

150 illik tarixi olan Azərbaycan fotoqrafiyasında ilk fotoaparatla çəkilişlər əcnəbilər tərəfindən aparılıb.

551074_681307625255479_1629495663_n

Mircavad Axundzadə isə Azərbaycanın ilk fotoqrafı olaraq qəbul edilir. Onun haqqında məlumat az olsa da, Azərbaycan Fotoqraflar Birliyindən ilk azərbaycanlı foto ustasının həyat və fəaliyyəti barədə müəyyən bilgilər əldə edə bildik.

Mircavad Axundzadə 1909-cu ildə Bakıda doğulub. Atası Seyidağa Axundzadə açıqfikirli və mütərəqqi ziyalılardan olub. Babası Axund Mir Hüseyn isə İraqın Nəcəf şəhərində 15 il ali dini təhsil almış, islam elmləri ilə yanaşı tarix, coğrafiya və tibb sahəsinə dair biliklərə dərindən yiyələnmişdi. O, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevlə də dostluq edirdi. Oğlu Seyidağa da Tağıyevin “Kaspi” mətbəəsində mürəttib vəzifəsinə işə düzəlmişdi. O, sürətlə və qüsursuz yığıcılıq peşəsinə yiyələnməklə yanaşı mətbuatda məqalələrlə çıxış edirdi.

Kiçik yaşlarından fotoya həvəs göstərən Mircavad Axundzadə mətbəədə işləyən atasının yanına tez-tez gedərmiş. Burada Lifşits soyadlı bir alman uşağın marağını görüb ona fotoaparat bağışlayır. Beləcə, Mircavad 9 yaşından bu sənətə bağlanır.

Məşhur fotoqrafın şəkilləri və neqativləri hazırda arxivlərdə qorunur. Fotoqraf haqqında Şamil Nəcəfzadənin rejissorluğu ilə “Ağ-qara dünya” sənədli filmi də çəkilib. Film Aşqabadda “Firuzə baharı” festivalında mükafat qazanıb.

Rejissor Şamil Nəcəfzadə deyir ki, filmin çəkilişi ilə bağlı təşəbbüs 1991-ci ildə “Yaddaş“ sənədli filmlər studiyası tərəfindən irəli sürülüb. “Bu mənim ilk sənədli filmim oldu. Çəkilişlər Maştağada aparılırdı. Biz filmi onun yaşadığı evdə çəkdik. Həmin vaxt o, evdə qızı və nəvəsi ilə yaşayırdı. Film sanki yaxın keçmişimizə bir səyahətdir. Filmdə qocaman fotoqrafın çəkdikləri fotolarla yanaşı, digər fotoqrafların şəkilləri də yer alıb. Filmdə həyatın müxtəlif anlarını dondurub saxlayan, yaşadan və nəsillərdən nəsillərə ötürən fotolar yer alıb”.

Rejissor deyir ki, filmi çəkəndə qocaman fotoqrafın gözləri görmürdü. Biz filmi çəkəndə də çalışırdıq ki, bu məqamlar hiss olunmasın. Mircavad Axundzadə filmin təqdimatına qızı və nəvəsi ilə gəlmişdi. Təqdimatda da nəvəsi kino təsvirlərini onun qulağına pıçıltı ilə danışırdı. Qeyd edək ki, 17 dəqiqəlik film mətnsizdir, təsvir və musiqilərdən ibarətdir.

Mircavad Axundzadə 1996-cı ildə Bakıda vəfat edib. Dünyadan köçəndən sonra, fotoqrafın evləri satılıb dəyişiləndə, arxivi köhnə evdə qalaraq itib.

loading...

Leave A Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.