Bakı metrosunda foto çəkilməsinə qadağanın səbəbləri…

Hər kəsə məlumdur ki, Bakı metrosunda foto çəkmək qadağandır. Bu qayda uzun illərdir ki, tətbiq edilir. Hətta bütün stansiyalarda bununla bağlı xüsusi lövhələr də var. 
 
Bu qadağa nəyə əsasən qüvvədədir? Bakı Metropoliteninin rəsmi saytında belə bir xəbərdarlıq var: “Bakı Metropoliteni rəhbərliyinin icazəsi olmadan foto, video və kino çəkilişləri aparmaq qadağandır”. Səbəb kimi də strateji obyekt olması göstərilir.
Amma bir məsələ var. 21-ci əsrdə yaşayırıq və hər kəsin cib telefonu müasir standartlara cavab verir. Hər bir telefon foto çəkmək imkanlarına malikdir. Hər hansı bir sərnişin rahat şəkildə metronun istənilən hissəsini çəkə bilər. O zaman bu qadağanın nə mənası var?
Dünyanın bir çox ölkəsində belə bir qadağa tətbiq edilmir. Əksinə, stansiyaların tarixini, memarlıq quruluşunu tanıtmaq üçün reklamlar belə, edilir. Məsələn, qonşu Rusiyada metro stansiyalarında belə sərt qadağa yoxdur.
Bakıda yaşayan fotoqraflar stansiyalarda fotoaparatlarını çantadan çıxaran kimi polislər başlarının üstünü kəsdirsə də, Rusiyada yaşayan fotoqraflar üçün belə problem yaşanmır. Hazırda Moskvada yaşayan azərbaycanlı fotoqraf Cavid Məmmədovun metro ilə bağlı fotolayihəsi var. Bu layihə sayəsində fotoqraf bir çox nailiyyətlər də əldə edib.
Cavid deyir ki, metroda foto çəkmək onun üçün xüsusi bir maraqdır: “Çəkdiyim fotolar arasında metro fotolarının çoxluq təşkil etməsinin ən başlıca səbəblərindən birisi də Moskva metrosunun istər memarlıq quruluşu, istərsə də insanları ilə fərqlənməsidir. Layihəni həyata keçiməkdə ən başlıca səbəb insanların zehnindəki metro prototipini dəyişmək və eyni zamanda Moskva metrosunu bütün dünyaya göstərməkdir.
Keçən illər ərzində çəkdiyim fotolardan sonra insanlarda elə bir təəssürat yaranıb ki, sanki burada foto çəkmək çox asandır. Əslində isə elə deyil. Moskva metrosunda professional çəkilişə icazə verilmir. Ancaq metropolitenə müraciət edib, icazə alanda heç bir problem olmur. Bütün bunlara baxmayaraq, heç kimə mane olmursansa, sənə kimsə yaxınlaşıb “Niyə burada foto çəkirsən?” deyən deyil. Artıq insanlar tərəfindən Moskva metrosunda foto çəkilməsi normal qarşılanır. Belə olmasının başlıca səbəbi isə hər il Moskvaya gələn turistlərin metroda foto çəkdirməsidir”.
Fotoqraf Bakı metrosu ilə bağlı maraqlı anlarını da bölüşdü: “Bakı metrosu xüsusi arxitekturaya malik olmasa da, çəkiləcək çoxlu fotoların olduğunu düşünürəm. Ötən il Bakıya gəlmişdim. Çox adam məndən Bakı metrosunda da foto çəkməyimi istəmişdi, mən də çəkdim, qanunsuz olsa da… Düzdür, Bakı metrosunu Moskva metrosu ilə müqayisə etmək çətindir. Əsas səbəb də insanların mental düşüncələridir.
Bakıda olanda foto çəkmək üçün metroya düşdüm. Yenicə foto çəkməyə başlamışdım ki, birdən cavan bir oğlan məni beləcə səslədi: “Brat olar, seni bir dəqiqə?” Məni kənara çəkdi və dedi ki, ‘‘Brat, bilirsən necədir? Sənin elədiyin bu hərəkət heç də düzgün deyil. Camaatın anası, bacısı var”. Bir anlıq ağlıma bu cümlə gəldi: “Mən neçə ildir ki, Moskva metrosunda foto çəkirəm. Yəqin onların anası, bacısı yoxdur”. Bütün bunlara baxmayaraq gülərüz insanlarla da qarşılaşdım. Zamanla bu halların düzələcəyini düşünürəm. Hesab edirəm ki, insanların zamana ehtiyacı var”.
Fotoqraf Tural Hüseyn isə deyir ki, qadağa olduğu üçün metroda foto çəkmək istəyi baş tutmur: “Gənc fotoqraf kimi mən də hər zaman metro stansiyalarının arxitekturasının fotolarını çəkmək istəmişəm. Qonşu ölkə olan Rusiyada memarlıq və arxitektura mədəniyyətinin qorunmasıyla bağlı foto çəkilişə icazə verilir. Amma bizdə yox… Hətta foto çəkən fotoqrafın ya fotolarını silirlər, ya da özünü idarəyə aparırlar. Mənim metropolitenə bir təklifim var. “Metro günü” adlı fotoçəkiliş təşkil olunsun. Beləcə həm bizim istəyimiz baş tutsun, həm də metropoliten yaxşı fotolar əldə etsin. Qadağanın olması əslində, mənasızdır. Gizli də olsa, çəkmək olar. Ondansa icazə verilsin”.
Metropolitenlə əlaqə saxladıq. Foto qadağasının səbəbi və digər suallarımız cavabsız qaldı.
Məhəmməd Türkmən
Musavat.com
loading...

Leave A Comment

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.