Dünya

Ermənistan hökuməti rəsmən qayçılandı

Ermənistan prezidenti Armen Sərkisyan hökumətin ixtisarı barədə qanunu imzalayıb. Novator.az-ın məlumatına görə, qanun birləşmələr hesabına nazirliklərin sayının 17-dən 12-yə düşürülməsini nəzərdə tutur.

Yeni hökumət Xarici İşlər; Müdafiə; Ədliyyə; Fövqəladə Hallar; Maliyyə; İqtisadiyyat; Yüksək Texnologiyalar Sənayesi; Əmək və Sosial Məsələlər; Ərazi İdarəçiliyi və İnfrastruktur; Səhiyyə; Elm, Təhsil, Mədəniyyət və İdman; Təbiəti Mühafizə nazirliklərindən ibarət olur.

İxtisar baş nazir Nikol Paşinyanın təşəbbüsüdür.

1998-ci ildən Ermənistanda ali icra hakimiyyətinə Qarabağ erməniləri başçılıq edib. 2008-ci ilədək prezident postunu Robert Köçəryan, 2018-ci il aprelin 9-dək Serj Sərkisyan tutub. Həmin gündən ali icra hakimiyyətinin rəhbəri statusu baş nazirə keçib. Serj Sərkisyan aprelin 17-də baş nazir kürsüsünə oturub, ancaq aprelin 23-də xalq etirazlarına görə istefa verib.

Həmin il mayın 8-dən xalq etirazlarının lideri Nikol Paşinyan baş nazirdir. 1975-ci ildə Ermənistanın İcevan şəhərində doğulan Nikol Paşinyan əsası 2013-cü ildə qoyulmuş Vətəndaş Sazişi Partiyasının başçısıdır.

Ermənistan hökumətində Dövlət Nəzarəti Xidməti, Milli Təhlükəsizlik Xidməti və Polis birbaşa baş nazirə tabe qurumlardır.

Nazirlər Kabinetinin nəzdində 5 komitə yer alır: Şəhərsalma Komitəsi; Dövlət Gəlirləri Komitəsi; Statistika Komitəsi; Daşınmaz Əmlakın Kadastrı Komitəsi; Nüvə Təhlükəsizliyi Komitəsi.

Hökumətə tabe olan 6 müfəttişlik var: Şəhərsalma, Texniki Təhlükəsizlik və Yanğın Təhlükəsizliyi Müfəttişliyi; Təhsil Müfəttişliyi; Təbiəti və Yerin Təkini Mühafizə Müfəttişliyi; Səhiyyə və Əmək Müfəttişliyi; Bazara Nəzarət Müfəttişliyi; Ərzaq Təhlükəsizliyi Müfəttişliyi.