“Həyat yoldaşım Allahın ən böyük hədiyyəsidir” – əməkdar artist

Əməkdar artist, tanınmış aktyor Elxan Qasımovun doğum günüdür. Aktyorun 73 yaşı tamam olur. 

Axşam.az xəbər verir ki, “Əhməd haradadır?” filmində “Şofer Əhməd” kimi adını milli kino tarixinə yazdıran aktyor doğum günü təəssüratlarını Yenicag.az-la bölüşüb:

“Allah verən ömürdür, gəlib çatdıq bu yaşa. Telefonlarım susmur, hamı təbrik edib xoş sözlər deyir. Sevinirəm ki, yaddaşlardayam. Demək, kinoda mən də nəsə eləmişəm. 70 yaşa qədər hədiyyələr gözləyirdim, amma bu yaşdan sonra nə hədiyyə verirəm, nə də mənə hədiyyə verirlər. Amma mənim üçün ən böyük hədiyyə həyat yoldaşımın özüdür. İllərdir mənimlə bərabər olan, hər nazımı çəkən, kaprizlərimə dözən, xoş və acı günlərimdə bərabər yürüdüyüm o qadın Allahın mənə ən böyük hədiyyəsidir”.

“Şofer Əhməd” keçmişi xatırlayaraq kövrəlib:

“Əhməd haradadır?” filminə çəkiləndə 18 yaşım vardı, laçın oğlan idim. Qızlar başıma fırlanırdılar. İndi 73 yaşım tamam olur, o vaxtdan 55 il keçib. İndi mən qızların başına fırlanıram. Təbii ki, nəvələrim kimi”.

Bir cavab yazın