“Heç kimdən qorxmuram, anam arxamdadır” – Rəqsanənin qızı  

Aysun İsmayılova: “Efirdə didişməyi Azərbaycan qadınına yaraşdırmıram”

İfaçı Rəqsanə İsmayılovanın müğənniliyə başlayan qızı Aysun İsmayılova musavat.com saytının suallarına cavab verib. Onunla söhbətə “Gözü kor” mahnısına çəkdirdiyi kliplə başladıq:

–  İlk klipinizi təqdim etdiniz. Tamaşaçılardan necə reaksiya gözləyirsiniz?

– Çoxlarının bəyənəcəyini düşünürəm. Yaşıdlarım arasında öndə mənəm. ona görə hazırda gözəl iş ortaya qoyduğumu düşünürəm.  Çəkilsinlər kənara, mən gəlirəm (Gülür).

 

– Bayaq dediniz ki, sizə sənətkarlar yüksək qiymət verir. Kimləri nəzərdə tutursunuz?

–  Röya xanım, anam mənə dəstəkdir. Röya xanım dedi ki, irəli get, arxandayam, sən istedadlı qızsan.  Başqa da hansı müğənnidən soruşursan, məni dəstəklədiyini deyir. Özüm də işimdən razıyam.

– Hazırda şou-biznesdə boşluqdur, yeni nəfəs lazımdır. Demək olar ki, Aysun bu boşluqdan istifadə edir?

– Düşünmürəm ki, boşluqdur. Hər kəs öz yerini tutub. Mən isə yeni nəfəs gətirəcəyəm. Fürsətdən istifadə etdim. Müğənnilik mənim hobbim idi, sonra gördüm ki, məndə yaxşı alınır. Başladım fəaliyyətə. Sevilirəm, dəstəklənirəm. Niyə də müğənni olmayım?

– Tez -tez Rəqsanə xanımın sizə dəstək olduğunu deyirsiniz. Amma ananız həmişə deyirdi ki, sizin müğənni olmağınızı istəmir. Onu razı salmaq çətin olmadı?

– İndi də anam müğənnilik etməyimi istəmir. Əziyyət çəkməyimi ürəyi götürmür. O  vaxt Tolik deyəndə ki, bu sənət çox çətindir, inanmırdım. Deyirdim ki, burada nə var? İndi deyəcəklər ki, nə etmisən? 4 mahnı buraxmısan da. Amma görürəm ki, çətindir, yuxusuz qalıram, saatlarla studiyada mahnı yazdırıram, səs-boğaz yorulur. Yenilik etməyə  can atıram. Hər hərəkətimə diqqət edirəm ki, birdən biri hərəkətimi səhv başa düşülər. Mənim arxamda böyük insan anam dayanıb, Rəqsanə xanımın qızıyam, bu böyük məsuliyyətdir. Çünki anamın adını daşıyıram. Anamın qızı olmasaydım, bu qədər tanınmazdım, bu işləri görə bilməzdim. Daha çox anamın və instaqram sayəsində tanınıram.

– Sizi maliyyələşdirən ananızdır, yoxsa…?
– Sponsorum yoxdur. Maddi dəstək anam olur. İlk klipimi də atam, anam və mənim birgə  büdcəmizdən çəkdik. Yavaş-yavaş toylarda da çıxış edirəm.  Mən toya girəndə qonaqlar sevinir. Çünki hamı gəlib diski qoyub, oynaq mahnı ifa edirlər. Kimdir pop oxuyan? Mən oynaq mahnı da oxuyuram, pop da oxuyuram. Gənclər əylənir.

–  Toy qiymətinizi açıqlaya bilərsiniz?

– Kimə maraqlıdırsa, zəng edib, menecerimdən soruşa bilər. Mən məni sevən hər kəsin toyuna gedə bilərəm. Qiymət də ailənin vəziyyətinə uyğun deyilir.

– Canlı ifa etməkdən çox müğənni çəkinir. Sizin belə narahatlığınız yoxdur?
– Deyirlər ki, filan kəsin səsi komputerdə düzəldilir. Səs yoxdursa, bu mümkün deyil. Hazırda vokal müəllimindən dərs alıram, səsimi inkişaf etdirirəm. Əgər 10 nəfərin yanında studiyada oxuya bilirəmsə, hamının yanında oxuya bilərəm. Mən demirəm ki, dünya boyda səsim var. Səsimdə şirinlik var. Kompüter xaric oxumağı düzəldə bilir. Bunu da deyirlər ki, narahat olma, hamıda olur. Canlı oxuya bilməsəm, 4 mahnım da “partlamazdı”.  Şou-biznesdə səsin qədər şarmın da olmalıdır. Səni kamera sevirsə, qabağa gedəcəksən.

– Nə zamansa Rəqsanə xanımı ötüb keçəcəyinizi düşünürsünüz?

– Mən öz janrımda ilk pillələrdəyəm. Anam öz janrında ilk pillələrdədir.  Nə zamandır ki, ortalıqda yoxdur. Bir bu il gəldi 3-4 verilişə çıxdı, bitirdi.   Amma yenə də adı var, mahnıları hələ də oxuyurlar, “İnanımmı”nı  prezident oxuyub. Nə zamansa, anamı ötüb keçsəm, onun üçün fəxr olar. Çünki onun yerini dolduran qızı olacaq. Mən gözümü açandan şou-biznesin içindəyəm, daha bilgiliyəm. Hər şeyi aydın görürəm, insanları daha yaxşı analiz edirəm.

– Düşünürsünüz ki, bu yolda irəlilədikcə ayağınızın altını  qazanlar olacaq?
– Mən allahımı sevirəm. Öz yolumu gedirəm. İndiyə kimi istədiyim hər şeyə nail olmuşam. Kiminsə mənə zərbə vuracağından qorxmuram. Məni allahım qoruyur.

– Müğənnilikdən öncə modelyer, sonra aktrisa kimi fəaliyyət göstərdiniz.  O sənətlərinizi necə davam etdirəcəksiniz?

– Azərbaycanda heç vaxt aktrisalıq etmərəm. bir filmə çəkildim, o filmi ortaya çıxara bilmədilər. 4-5 il keçdi, filmdən xəbər yoxdur. Aktrisa kimi təhsil almağım kliplərimdə kömək olacaq, gözəl rol oynayacağam, kamera qorxum itib. O təhsili Azərbaycanda aktrisalıq etmək üçün almamışam.

Modelyerliyə gələndə isə butik açacağam. Bu arzumdur, yəqin ki, 2-3 il sonra reallaşdıraram.

– Rəfiqələriniz Sevil-Sevinc bacılarını təqdimatınızda görmədik.

– Əkizlərin Lənkəranda konsertləri vardı. Bilmirdim ki, gələcəklər, ya yox. Təqdimatda müğənnilərdən 2-3 nəfər vardı. Mənim şou-biznesdə heç kimlə problemim yoxdur. Nə problemim ola bilər? Hərə öz işini görür. Heç kimlə konfliktə girmərəm. Efirdə, millətin qarşısında kimləsə didişməyi Azərbaycan xanımına yaraşdırmıram.

– 1 saylı uşaq evində baş verən özbaşınalığı yayımladığınız üçün sizə olan münasibət tam dəyişdi., insanların sevgisi artdı.  Çünki Azərbaycanda çox az insanın mövqeyi var, baş verənlərə münasibət bildirir.

– Mənim ətrafımda olan hər kəs deyirdi ki, etmə. Düşünməzdim ki, yayılacaq. Onu hər dəfə görüb, götürə bilmirdim. İnstaqramda yaydım ki, bəlkə kimsə görər, onlara xəbər verər, onlar da çirkin əməllərindən əl çəkərlər. Azərbaycan xalqına təşəkkür edirəm ki, mənə dəstək oldular, biz  uşaqların haqqının yeyilməsinin qarşısını aldıq. Bunu reklam üçün etməmişdim. Bir iki nəfər dedi ki, özünü reklam edir. Onlara elə cavab verdik ki, dillərini qoyub, oturdular.

– Son sualım isə şəxsi həyatınızla bağlıdır. Deyirlər ki, Aysunun həyatında biri var, amma gizlədir.

– Vallah elə deyil. Həyatımda sevdiyim şəxs olsa, açıq-aşkar deyərəm. Gizlinləri olan biri deyiləm.

Könül İbrahim
Musavat.com