Lent

Lənkəranda 3 gündə iki avtomobil oğurlanıb

Lənkəranda 3 gün ərzində 2 avtomobil oğurlanıb. Ağ rəngli “VAZ” markalı avtomobillərin hər ikisi sahiblərinin evinin qabağından oğurlanıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hər iki maşın oğurluğu rayonun Sütəmurdov kəndində baş verib. İlk belə hadisə Fuad Zeynalovun başına gəlib. Belə ki, zərərçəkmişin evinin qarşısında saxladığı 42-BZ-542 dövlət qeydiyyat nömrə nişanlı, ağ rəngli “VAZ 2107” markalı maşını gecə saat 3 radələrində oğurlanıb. Naməlum şəxs və ya şəxslər maşının ön şüşəsindən içəri daxil olaraq, nəqliyyat vasitəsini Bakı istiqamətində sürərək aradan çıxıblar. Oğurlanmış avtomobilin dövlət qeydiyyat nişanları Cəlilabad rayonu ərazisində tapılıb və onun aqibəti ilə bağlı bundan başqa məlumat yoxdur.

Analoji hadisə 3 gündən sonra Səbuhi Abbasovun başına gəlib. İyul ayının 27-si gecə saatlarında yaşadığı evin qabağından qapıları kilidli olan 44-BF-941 dövlət qeydiyyat nişanlı, ağ rəngli “VAZ 2106” markalı avtomobil naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanıb. Taksi fəaliyyəti ilə məşğul olan maşının sahibi oğurluq edənlərin professional və yaxşı hazırlanmış olduqlarını deyir.

Hər iki avtomobildə zərərçəkmişlərin şəxsi sənədləri olub. Avtomobilləri görənlərdən DİN-in “102 Zəng Mərkəzi” xidmətinə və ya Lənkəran Rayon Polis Şöbəsinə məlumat vermələri xahiş olunur.