“Milliliyi, oyanışı və gözəlliyi hiss etmələrini istədik” – FOTOLAR, VİDEO

Muzey Mərkəzində Bakı Milli Geyim Evinin “Ənənədən gələcəyə” adlı milli geyim dəfiləsi  baş tutub.

Dergi.az  xəbər verir ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən dəfilə milli geyim evinin 10 illiyinə həsr olunub. Gecədə 30-a yaxın qadın, kişi və uşaq geyimləri nümayiş edilib. Modellər podiuma “Sarı gəlin”, “Azərbaycan maralı” və “Laçın” xalq mahnılarının, Ü.Hacıbəylinin “Arazbarı” ritmik muğamı, Q.Qarayevin “Yeddi gözəl” baletindən vals sədaları altında rəqs edərək çıxıblar. Gecədə Azərbaycan Dövlət Kukla Teatrının nəzdində fəaliyyət göstərən “Oyuq” teatr studiyasının balacaları da rəngarəng milli geyimlərlə podiuma çıxıblar.

Milli Geyim Evinin rəhbəri Könül Vəlibəyli musavat.com-a bildirib ki, 1 ildən artıqdır ki, yeni kolleksiya üzərində çalışır: “Gecəmizdə yeni və köhnə kolleksiyamız nümayiş olundu. Çalışırıq ki, hər il  Novruz ərəfəsində moda gecəsi təşkil edək. Novruz millilikdir, yenilikdir, oyanışdır. Biz də rəngarəng geyimlərimiz ilə təbiətin oyanışına qarışmaq, yeniliyi hiss etmək və modasevərlərə hiss etdirmək istədik. Düşünürəm ki, bu bizdə alındı. Bizə dəstək olan Mədəniyyət Nazirliyi başda olmaqla hər kəsə təşəkkür edirəm”.

Qeyd edək ki, gecədə moda və ictimaiyyət dünyasının tanınmış şəxsləri iştirak edib.