Onları həyatımdan silmək üçün telefonu dənizə atdım” – İzzət

“Ümidi puç olmayan insan yoxdur.  Ətrafımdakı insanların çoxunu həyatımdan sildim. Telefonu əlimə aldım, başladım nömrələri silməyə. Gördüm ki, yox, alınmır. Bulvara gedib, telefonu dənizə atdım”.

Bu sözləri müğənni İzzət Bağırov “X maqazin” verilişinə açıqlamasında deyib.  O, dırnaqarası dostlarını həyatından sildiyini açıqlayıb:

“Pulsuzluqdan evdən  çıxmadığım barədə yayılan xəbərlər yalandır.  Toylarımız var, zəhmət çəkib, qazanıram. “Ümidlər puç olanda” adlı film çəkmişəm, bütün xərcləri cibimdən vermişəm. Hazlırda tamaşaçılar sevərək izləyir.  Filmlə bağlı məni qınadılar ki, melodrama niyə çəkmisən? Tutmayacaq. Amma mənim janrım budur.  Filmdən sonra məni itirib-axtarmayanlar dostlarımdan nömrələrimi istəyir. Deyirəm ki, sözünü sizə desinlər. O təzə çıxan müğənnilər var ki, 5 mərhələdən keçirsən, yenə onunla əlaqə qura bilmirsən… Biz özümüzü çox sadə aparmışıq, öz nömrəmizə zəng edirdilər.  Daha özümü əlçatan etmirəm.  İndi başa düşürəm ki, əlçatan olmaq lazım deyil, gərək özünü dartasan. Populyarlığı bir dəfə qazanırsan. Mən elə populyarlıq qazanmışam ki, heç kim mənim işığımı  söndürə bilmədi. Allah istəmədən kimsə məni yıxa bilməz”.