Ölkə

Ordumuzun genişmiqyaslı təlimləri başladı – hücum edəkmi…

Politoloq: “Azərbaycan indiki vaxtda hücuma keçsə, bu, beynəlxalq aləmdə mənfi qiymətləndiriləcək”

Azərbaycan ordusu mayın 20-dən etibarən irimiqyaslı hərbi təlimlərə başlayıb. Bununla bağlı Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Məlumatda deyilir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən, müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə mayın 20-dən Azərbaycan ordusunun müxtəlif qoşun növlərinin, qisim, birlik və birləşmələrin iştirakı ilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri başlayıb.

Düşmənin gecə vaxtı hücumunun dəf edilməsi, müxtəlif istiqamətlərdə ona əks zərbələrin endirilməsi və qoşunlarımızın hücuma keçməsi təlimin əsas mövzusudur.

Təlimlərə 10 minədək şəxsi heyət, 150 tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 35 təyyarə və helikopter cəlb olunub.

Çətin relyef, gecə vaxtı və mürəkkəb radioelektron şəraitdə müxtəlif poliqonlarda keçirilən döyüş atışlı təlimlərdə tank, aviasiya, raket və artilleriya hissələri, eləcə də digər döyüş elementləri arasında uzlaşmanın təşkili, düşmənin müdafiəsinin dərinliyində desant və xüsusi manevr qüvvələrinin tətbiqi, idarəetmə orqanlarının bacarıqlarının təkmilləşdirilməsi, o cümlədən şəxsi heyətin mənəvi-psixoloji təminatı məsələləri üzrə tapşırıqlar yerinə yetiriləcək.

Bütün fəaliyyətlər təlimlərdə iştirak edən qoşunların gecə və çətin iqlim şəraitində dəqiq qarşılıqlı əlaqəsinin təmin edilməsi ilə icra olunacaq. Məlumatda deyilir ki, genişmiqyaslı əməliyyat-taktiki təlimləri mayın 24-dək davam edəcək.

Ordumuzun genişmiqyaslı təlimləri başladı  20 may 2019 ile ilgili görsel sonucu

Mayın 24-də isə “Anadolu Ankası-2019″ beynəlxalq hərbi təlimlərinin açılış mərasimi olacaq.  AzVision.az xəbər verir ki, bununla əlaqədar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə günü təlimlərin keçiriləcəyi Konyaya səfər edəcək. Azərbaycan, İngiltərə, Şimali Kipr Türk Cümhuriyyəti, Pakistan, Rumıniya və Türkiyə nümayəndələrinin qatılacağı təlimin açılışında rəsmi qonaqların iştirakı nəzərdə tutulub. Qeyd edək ki, təlimlərdə Azərbaycan Hərbi Hava Qüvvələri də iştirak edəcək.

“Anadolu Ankası-2019" ile ilgili görsel sonucu

Azərbaycan son ayda 3 hərbi təlim keçirib ki, onların ikisi qardaş Türkiyə ilə birgə reallaşıb. Bu isə işğalçı ölkədə təşviş doğurur. Ermənilər hesab edirlər ki, Azərbaycan ərazilərini ölkəmiz daxilində gərgin siyasi proseslərin cərəyan etdiyi zaman işğal etdikləri kimi, Azərbaycan ordusu da Ermənistan daxilində qarışıqlıq yaranmasından istifadə edib ərazilərini qaytara bilər. Artıq bununla əlaqədar həyəcanlı açıqlamalar yayılmaqdadır. Bəzi müşahidəçilər bunu Azərbaycanın şansı hesab edirlər.

Politoloq Tofiq Abbasov ile ilgili görsel sonucu

Politoloq Tofiq Abbasov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan ordusunun bu şəraitdə hücuma keçmə ehtimalı son dərəcə azdır: “Rəsmi Bakı hadisələri izləyərək, çox güman, Ermənistanın daxili hərc-mərcliyini geosiyasi kontekstdə qiymətləndirəcək ki, sonradan özü üçün dividentlər əldə etsin. Hər halda, Ermənistan bir məmləkət kimi çökməkdə davam edir. Ona bu prosesdə mane olmaq düzgün deyil. Bir də ki, Azərbaycan indi hücuma keçsə, bu, beynəlxalq aləmdə mənfi qiymətləndiriləcək. Daha vacib olan budur ki, Ermənistan növbəti böhranından çıxdıqdan sonra rəsmi Bakı artıq ultimativ formada öz ərazilərinin işğaldan azad olunmasını tələb etsin”.

Ermənistan daxilindəki durumdan bəhs edən ekspert qeyd etdi ki, bu hərəkətlənmədə xüsusi məqsədlər var: “İndi Ermənistanın bütün siyasi qüvvələri meydana axışır ki, hakimiyyət payından özlərinə qazanc əldə etsinlər. Belə vəziyyət qeyri-stabilliyin bariz göstəricisidir. Nikol Paşinyan hakimiyyəti yenə tərəfdarlarını kütləvi aksiyalara çağırmaqla, bir daha özünün səriştəsizliyini və qüdrətsizliyini etiraf edir. Artıq bu hakimiyyətin mifik imkanları hamıya sübut olundu və siyasi rəqiblər çalışacaqlar ki, fürsətdən istifadə etsinlər. Köçəryan əlbəttə ki, həbsdə olmasının revanşına çalışacaq və bunun üçün də Qarabağ klanından istifadə edəcək. Təsadüfi deyil ki, qondarma ”dqr”in başbilənləri Bako Saakyanla Arkadi Qukasyan İrəvana gəlib Köçəryana dəstək verməyə qərarlıdırlar. Növbəti dövlət çevrilişi ilə terror aktlarını istisna etmək olmaz. Qarabağ klanı üçün qan tökmək adi işdir. Odur ki, Paşinyan gərək bütün riskləri nəzərə alıb ehtiyatla hərəkət etsin. Onun üçün ən ağır zolaq başlayır və o, nə dərəcədə çevik və iş qabiliyyətli olmasını nümayiş etdirməli olacaq. Lakin onun “biz inqilabın ikinci mərhələsinə qədəm qoyuruq” deməsi göstərir ki, Paşinyan həm naşı və həm də zəif siyasətçidir. İnqilabdan bir il ötməsinə baxmayaraq, o hələ də nə etmək istədiyini aydın göstərə bilməyib”.

T.Abbasovun fikrincə, Moskva Paşinyana mane olmaq istəmir: “Rusiya istəmir ki, onun səhvlərinin qarşısı alınsın. Zəif oyunçuya həmişə imkan yaratmaq lazımdır ki, özünü yandırsın. Bir də ki, Moskva heç Köçəryana da avans vermək niyyətində deyil. Ermənistan kimi boşluqlara qərq olunmuş ölkədə fövqəl qüvvələr heç vaxt əsaslı siyasət yeritməyə tələsmirlər”.