Qiymətləri necə ucuzlaşdırmaq olar?

Ekspert: “Bazar intervensiyaları alətlərindən istifadə olunmalıdır”

Azərbaycanda bayramqabağı qiymətlərin bahalaşması neçə illərdir, müşahidə olunan haldır. Bu il Novruz bayramı ərəfəsində ənənəvi bayram çərəzlərinin bəzilərində ötən ilə nisbətən ucuzlaşma qeydə alınsa da, bir sıra məhsullarda qiymət artımı baş verib.

Kənd təsərrüfatı üzrə mütəxəssis Nicat Nəsirlinin sözlərinə görə, bu prosesdə bir sıra amillər mühüm rol oynayır: “Yeni il, 8 mart və Novruz bayramları təqvim baxımından bir- birinə yaxındır, əhali bu təqvimləri xüsusi coşğu ilə qeyd etməyə çalışır. “Stolda heç nə əskik olmamalıdır”- inamı ilə başlayan hazırlıqlar ərzaq və qeyri-ərzaq məhsullarına təlabatın kəskin artmasına gətirib çıxarır. Təsərrüfat mövsümi baxımından da bu zaman kəsiyi əlverişsiz dövrdür, çünki istehsal prosesi hələ payızda başa çatır, dekabrdan başlayaraq kənd təsərrüfatı məhsulları anbarlardan satılır. Saxlanc yerlərinə girən məhsulların gündəlik saxlama xərcləri maya dəyərinə ciddi təsir göstərir. Fikir verirsinizsə, martdan sonra istehlak səviyyəsi aşağı düşür, qiymətlər stabilləşir, apreldən başlayaraq təzə məhsulların piştaxtalara çıxması ilə ucuzlaşma ta noyabra qədər davam edir”.

Mütəxəssis bildirir ki, kənd təsərrüfatı məhsulları istehsalında fasilələr mövcuddur, davamlı istehsal prosesi təmin olunmayıb: “Aprel-noyabr ayları istehsal gedir, əldə olunmuş məhsullar lazımi qədər saxlama imkanı olmadığı üçün mövsümdə satılır, bir hissəsi itkiyə gedir, sonrakı aylarda bir sıra məhsullar üzrə idxaldan asılılıq yaranır. İdxal amili daxili bazarda “qiymət təlatümləri” yaradan ən mühüm faktorlardandır. Xüsusən, Novruz bayramı ərəfəsi idxal olunan məhsullar (quru meyvə çeşidləri, güllər, ədviyyat, düyü, qoz, fındıq və s) xaricdən gətirildiyi üçün daha çox bahalaşır. Bundan əlavə, bu gün birbaşa istehlak bazarına nəzarət edən, süni qiymət artımlarını tənzimləyən aidiyyatı qurum yoxdur. Ötən ilin aprelinə qədər bu funksiyanı İqtisadiyyat Nazirliyinə bağlı Antiinhisar siyasəti və istehlakçıların hüquqlarının Müdafiəsi üzrə Dövlət Xidməti yerinə yetirirdi, bu qurum ləğv edilərək əsasında yeni bir qurumun yaradılması haqqında sərəncam imzalanıb. Lakin hələ ki, yeni qurum fəaliyyətə başlamayıb”.

N.Nəsirlinin fikrincə,  liberal bazar iqtisadiyyatı prinsiplərinin hakim olduğunu nəzərə alsaq, belə qiymət artımları zamanı ən effektli metod bazar intervensiyaları alətlərindən istifadə etməkdir: “İstehlak bazarlarında daha çox bolluq yaratmaq, gəlir səviyyəsi aşağı olan əhali üçün ucuz məhsulların təmin edilməsi, yarmarka, daşınan bazarlar, səyyar satış məntəqələri açmaqla rəqabət mühiti yaratmaq, nəticədə qiymətləri tənzimləmək daha effektiv olardı. Digər bir iqtisadi alət isə vergi, subsidiya kimi güzəştlərdir. Bu, xüsusilə idxal olunan məhsullara aiddir. Tələbatın artığı dövrlərdə dövlət səviyyəsində istehsal sahələrinə bir sıra mövsümi güzəştlər tətbiq etməklə məhsulların maya dəyərinin aşağı salınmasına şərait yaratmaq, beləliklə xaricdən gətirilən məhsullara qarşı “presing” taktikasına əl atmaq olar.
Qiymətləri inzibati metodlarla tənzimləmək müasir bazar prinsipləri baxımından mümkün və arzuolunan deyil”.