Mədəniyyət

Ruhi Əliyeva uşaqları sevindirdi: “Mənə dünyanı çək”in qalibləri mükafatlandırıldı – FOTOLAR

1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Mənə dünyanı çək” adlı rəsm müsabiqəsinin yekunu ilə bağlı sərgi keçirilib.

Musavat.com xəbər verir ki, “Liatris Holding”in təşkilatçılığı ilə baş tutan müsabiqəyə Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqı dəstək olub.

Sərgiyə 150-dən artıq əsər təqdim edilib. Rəsm – sərgi müsabiqəsi 2 yaş kateqoriyası üzrə baş tutub. Müsabiqə 5-10 və 11-15 yaş kateqoriyalarında bir ay müddətinə təqdim edilib. Mayın 27-də münsiflər heyətinin qərarı ilə hər iki yaş kateqoriyasında I, II, III yerin qalibləri seçilib. Eyni zamanda, hər iki yaş kateqoriyasında 5 həvəsləndirici mükafat təyin edilib. Münsiflər heyətində Mədəniyyət Nazirliyinin təsviri incəsənət şöbəsinin əməkdaşı Anar Qurbanov, Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov, “Liatris Holding”in rəhbəri Ruhi Əliyeva, əməkdar incəsənət xadimi, modelyer Fəxriyyə Xələfova, xalq artisti Fidan Hacıyeva və rəssam Milena Nəbiyeva yer alıblar.

Aparıcılığını Azər Süleymanovun etdiyi tədbirdə ilk olaraq Ruhi Əliyeva çıxış edib. O, münsiflərə təşəkkürünü bildirərək, təqdim olunan rəsm əsərlərindən danışıb: “Öncə bu işdə bizə dəstəyi olan peşəkar münsiflər heyətinə öz minnətdarlığımı bildirirəm. Münsiflərimizin işləri çox olsa da, bizi bu müsabiqədə tək qoymadılar. Çox maraqlı mövzularda rəsmlər təqdim olundu. Bəzi ailələr övladının rəqqasə, sənətçi olmağından çəkinir. Hətta şahidi olmuşam ki, valideynlər uşağın rəssam olmasına imkan yaratmayıblar. Uşaqları bu istəklərdən çəkindirməyin. Onlara dəstək olun. Müsabiqəmizin məqsədi də uşaqların incəsənət sahəsində istedadlarını üzə çıxarmaqdır. Çox rəsmlər gəldi, hamısını bir-bir izlədik. İnanın o rəsmlərin hər birinə baxdıqca içimdə o qədər fərəh, qürur hissi duydum ki, görün, Azərbaycanın nə qədər istedadlı övladları var. Azərbaycanın gələcəyi, istedadlı balalarımıza hər zaman dəstək olmaq borcumuzdur. Övladlarımız üçün bu gün rəsm, sabah başqa bir uğuru naminə gücümüzü, fikirlərimizi, dəstəyimizi onlardan əsirgəməyək. Uşaqlar bizim gələcəyimiz, varlığımızdır. Onlar gələcəyin əsgəri, məmuru, sənətçisidir”.

Xalq rəssamı Ağəli İbrahimov müsabiqəyə təqdim edilən əsərlərin mövzusundan söz açıb: “Çox gözəl bir iş ortaya qoyulub. Dünyanın ən önəmli varlıqlarını sevindirdik. Hər bir əsər maraqlıdır. Həm bizim qəhrəmanlarımızın, tarixi şəxsiyyətlərimizin rəsmləri, həm də başqa dövlətlərin tarixi ilə bağlı hadisələrin əks olunduğu əsərlər var”.

Tədbirin tribunasından valideynlərə və uşaqlara çağırış edən millət vəkili Qənirə Paşayeva arzularını dilə gətirib:“Dünyanızda nə varsa, o dünyanızda bütün arzularınız, xəyallarınıza çata bilmənizi arzulayıram. Ruhi xanıma, onunla birlikdə bu işdə əziyyəti keçən hər kəsə təşəkkür edirəm. Çünki uşaqların bayramında belə mənalı bir layihəyə üstünlük vermək çox təqdirəlayiq addımdır. Uşaqlara hədiyyə də vermək olardı, bayram da keçirmək olardı, amma bugünkü tədbirin mahiyyəti gələcəyə yönəlmiş bir layihədir. Məhz istedadlı uşaqlarımızı sənət sahəsində üzə çıxarmaq və onlara stimul vermək olduqca əhəmiyyətlidir. Çünki biz hamımız uşaqlıq dövrünü yaxşı xatırlayırıq ki, hər hansı kiçik stimul, toxunuş həyatımızda nə qədər önəmli dönüş nöqtələrinə səbəb olub. Mən burdan valideynlərə də təşəkkür etmək istəyirəm ki, övladlarının içində olan o istedadı üzə çıxarmağa çalışırlar. Millətin gələcəyi məhz bu cür istedadlı uşaqların özünü reallaşdırmasından keçir. Uşaqlar, siz də arzularınızdan heç vaxt vaz keçməyin”.

Tədbirdə eyni zamanda, Azərbaycan Mədəniyyət Nazirliyinin nümayəndəsi Anar Qurbanov, rəssam Milena Nəbiyeva, xalq artisti Nəzakət Teymurova, xalq artisti Fidan Hacıyeva da çıxış edərək fikirlərini bölüşüblər. Çıxışlardan sonra isə tədbirin aparıcısı qaliblərin mükafatlandırılacağı anı elan edib.

Beləliklə, 5-10 yaş qrupunda I yerə qalibi Emin Əbdüləzmzadə, II yerə Dəniz Quliyeva, III yerə isə Aylin Qurbanlı layiq görüldü. 11-15 yaş qrupunda isə I Firəngiz Həsənova, II Finarə Nəzərova, III Turan İbrahimli oldu. Həmçinin hər yaş kateqoriyasından 5 nəfər həvəsləndirici mükafata layiq görülüb. Qaliblərin hər biri münsiflər heyəti tərəfindən ayrılıqda mükafatlandırılıb. Açılış və təltifetmə mərasimindən sonra isə istedadlı uşaqların rəsm əsərlərindən ibarət sərginin qırmızı lenti kəsilib və qonaqlar əsərlərlə tanış olub.

Könül İbrahim
Musavat.com