Hadisə

Silsilə oğurluqlar edən dəstə üzvləri saxlanıldı – FOTO

Xaçmaz RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qabaqcadan əlbir olaraq rayon ərazisində yerləşən fərdi yaşayış evlərindən, kafe və restoranlardan silsilə oğurluqlar edərək zərərçəkmişlərə xeyli miqdarda maddi ziyan vuran altı nəfərdən ibarət oğru dəstə saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Araşdırmalarla onların Xaçmaz rayon sakinləri Mirbaba Ağayev, Zöhrab Şıxıyev, Zaur Mustafayev, Tərxan Məmmədov, Əmrah Zülfüqarov və əvvəllər məhkum olunmuş Allahverdi Sadıxov olduqları müəyyən edilib.

Dindirilmə zamanı həmin şəxslər törətdikləri oğurluq hadisələrini etiraf ediblər. Araşdırmalar zamanı məlum olub ki, dəstə üzvləri ondan çox evlərə, eləcə də gecə vaxtı bağlı olan kafe və restoranlara qanunsuz daxil olaraq, oradan pul, xalçalar, televizorlar, paltaryuyan, təsərrüfat malları və məişətdə istifadə olunan digər avadanlıqları oğurlayıblar.

Oğurladıqları qənimətləri Əmrah Zülfüqarova məxsus nəqliyyat vasitəsi ilə hadisə yerindən aparan dəstə üzvləri, həmin əşyaların bir qismini dəyərindən ucuz qiymətə satıblar. Satışdan əldə olunan pullar isə dəstə üzvləri arasında bölünüb.

Oğurluq yolu ilə əldə edilmiş əşyaların xeyli hissəsi isə polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.