Maqazin

“Yoldaşımın nəslinin ayağının altı da ola bilməzsən” – Fatimə əsəbiləşdi

“Demirəm ki, hamı məni sevməlidir. Bu, normal haldır. Sənətdə olan insanların 5 dostu varsa, 10 düşməni var. Ancaq sərhəd var, onu keçməmək lazımdır”.

Bu sözləri Axşam.az-a açıqlamasında rəqqasə Fatimə Fətəliyeva deyib.

O, ötən günlərdə izləyicilərindən birinin onun ünvanına şər atmasını həzm etməkdə çətinlik çəkdiyini söyləyib:

“Özümə polis şöbəsində izahat yazmağı yaraşdırmıram. Buna həm vaxt, həm də səbr lazımdır. Həyat tərzimiz elədir ki, hər gün qaça-qaçdayıq. Mənim yerimə kimsə bir saatlıq gəlib otursa, havalanar. Belə işlərlə qarşılaşanda çox sarsıntı keçirirəm.  Son günlərdə isə anam yaşında bir qadının çox aşağı, səviyyəsiz və eyib olan sözlərlə məni alçaltmaq istəyi özümdən çıxmağıma rəvac yaratdı. Tez reaksiya verən insanam. İndiyədək nə ailəmdə, nə də tanışlarımda kimisə görməmişəm ki, başqasına pis rəy yazsın”.

Fətəliyeva ünvanına pis rəy yazanları xainlikdə günahlandırıb:

“Dalaşdığım insanlara belə gizli profildən girib yazmamışam. Çünki o insanların içi xaindir. Sənin nə ixtiyarın var ki, ailəmin, 8 yaşlı övladıma, bilmədiyin halda o sözləri yazasan? Allahdan qorxmursan? Kiməsə yazır ki, buna baxın, bu, ailə dağıdandır. Heç kimin ailəsini dağıtmamışam. Kimdənsə, nəsə eşidiblər. Heç kim mələk deyil. Hamımızın həyatında problem olur. Səhvlərlə isə insan daha da möhkəmlənir. Bu gün yanımda 12 ildir arxamda duran, oğlumun, həm də qızımın atası, həyat yoldaşım var. Kiməsə ixtiyar vermirəm ki, ona söz desinlər! Yoldaşımın həyat tərzi başqadır, şou-biznes, sosial şəbəkələr onluq deyil. Cəmiyyət içərisində gəzirik, restoranlara gedirik, bulvara çıxırıq, amma sosiallaşmırıq. Belə xain insanlara görə həyat yoldaşım haqda yazılmasını istəmirəm. Min cür söz deyirlər. Halbuki onların ailəm haqda fikir bildirməyə haqqı yoxdur”.

Fatimə söyləyib ki, onun ailə dağıtdığını iddia edən qadın şər atıb:

“Qadın yazır ki, siz bilmirsiniz, onların ailəsini tanıyıram. Sən kimi tanıya bilərsən? Heç yoldaşımın nəslinin ayağının altı da ola bilməzsən. Onun səhifəsində yazılarını, həyat tərzini, 60 yaşlı qadının şortikdə fotolarını gördüm. Sənətçilərdən danışırsınız, gedin, öz dərdinizi çəkin. Ağbirçəklər bu hərəkəti edir. 60 yaşında olan normal insan gecə 2-də sayta girər? Mənə hədə-qorxu gəlirlər. Deyirlər ki, sən kim olmusan? Kimin nəyinə lazımdır? Hər şeyi əziyyətlə qazanmışam. Bunun da nəticəsidir ki, hazırda komandamdan 45 işçi evinə çörək aparır. Niyə bundan danışmırsınız?”.

Qeyd edək ki, Fatimə həmin qadının fotosunu yayımlayaraq, izləyicilərindən onun səhifəsini şikayət etmələrini istəmişdi.