Bakının qədim ruhunu yaşadan İçərişəhər bu günlərdə rənglərin, naxışların və yüzillik sənət ənənələrinin görüş nöqtəsinə çevrilib. Burada keçirilən Beynəlxalq Xalça Festivalı həm yerli sakinlərin, həm də paytaxtın qonaqlarının böyük marağına səbəb olub. Tarixi küçələr boyunca nümayiş olunan əl işi xalçalar, milli ornamentlər və müxtəlif ölkələrin sənət nümunələri əraziyə xüsusi ab-hava bəxş edib.

Festivalın əsas məqsədi Azərbaycanın minilliklərdən gələn xalçaçılıq ənənəsini dünya miqyasında tanıtmaq, bu sənətin zəngin irsini nümayiş etdirmək və gələcək inkişaf istiqamətlərini müəyyənləşdirməkdir. Eyni zamanda tədbir müxtəlif ölkələrin xalça ustalarını bir araya gətirərək təcrübə mübadiləsi üçün mühüm platforma rolunu oynayıb.

Festivalda Azərbaycanla yanaşı, Mərakeş, Nepal, Türkiyə, Qırğızıstan, Özbəkistan və digər ölkələrdən gələn xalçaçılar, istehsalçılar, sənət adamları və mütəxəssislər iştirak ediblər. Qonaqlar yalnız öz ölkələrinin qədim toxuculuq ənənələrini təqdim etməklə kifayətlənmir, həm də müasir dövrdə xalça sənayesinin inkişaf perspektivləri, beynəlxalq bazarlara çıxış imkanları və əl sənətlərinin qlobal iqtisadi sistemə inteqrasiyası ilə bağlı fikir mübadiləsi aparıblar.

Festival ərazisində qurulan sərgi pavilyonlarında hər ilməsində tarix yaşayan eksklüziv xalça nümunələri nümayiş olunub. Burada ziyarətçilər Azərbaycanın Qarabağ, Quba, Şirvan, Təbriz və digər xalça məktəblərinin incilərini yaxından görmək imkanı əldə ediblər. Xarici iştirakçıların təqdim etdiyi sənət nümunələri isə mədəni müxtəlifliyin xalça üzərində necə əks olunduğunu göstərib.

Tədbirin ən çox maraq doğuran hissələrindən biri ustad dərsləridir. Peşəkar xalça ustaları ziyarətçilərə ilmə vurma texnikalarını, təbii boyaq üsullarını və qədim toxuculuq sirlərini nümayiş etdiriblər. Xüsusilə uşaqlar üçün təşkil olunan maarifləndirici proqramlar gələcək nəsildə milli sənətə marağın formalaşdırılması baxımından diqqət çəkib.

Festival çərçivəsində təşkil olunan konsert proqramları, milli musiqi nümunələri və incəsənət çıxışları İçərişəhərin tarixi atmosferi ilə harmonik vəhdət yaradaraq tədbiri əsl mədəniyyət bayramına çevirib.

İçərişəhərdə toxunan bu ilmələr artıq təkcə xalça üzərində deyil, mədəniyyətlər arasında da yeni körpülər yaradıb. Bakı bir daha sübut edib ki, qədim sənət ənənələri düzgün təqdim olunduqda dünyanın diqqət mərkəzinə çevrilə bilir.

Könül İbrahim

Fotolar müəllifindir. 

Musavat.com

XƏBƏR NÖVÜ:

MANŞET, MƏDƏNİYYƏT,

Yenilənib: 13:45 04.05.2026