Xalq artisti Eyyub Yaqubov Heydər Əliyev Sarayında keçirilən solo konsert proqramı öncəsi media nümayəndələrinin suallarını cavablandırıb, yaradıcılığı və konsertlə bağlı fikirlərini bölüşüb.
Dərgi.az xəbər verir ki, sənətkarın sözlərinə görə üç gün davam edən konsert proqramı hər gün tamaşaçıların böyük marağı ilə qarşılanıb və bütün biletlər satıldığı üçün anşlaqla keçib.
Konsert proqramı təkcə Eyyub Yaqubovun dillər əzbəri olan mahnıları ilə deyil, həm də xüsusi hazırlanmış səhnəciklərlə yadda qalıb. Tamaşaçılara təqdim olunan bu səhnəciklər sənətkarın uşaqlıq illərindən başlayaraq bu günə qədər keçdiyi həyat və sənət yolunu əks etdirib. Kövrək məqamlarla zəngin olan səhnəciklər konsertə xüsusi rəng qatıb.
Gecə ərzində Eyyub Yaqubov repertuarının ən sevilən mahnılarını səsləndirib. Sarayı dolduran tamaşaçılar isə bütün mahnıları sənətkarla birlikdə bir ağızdan oxuyaraq konsertə unudulmaz ab-hava bəxş ediblər.
Üç gün ərzində davam edən möhtəşəm konsert proqramının sonunda tamaşaçılar Xalq artistini alqışlarla yola salıblar. Səmimi atmosferi, yüksək peşəkarlıqla hazırlanan səhnə quruluşu və kövrək anları ilə yadda qalan konsert Eyyub Yaqubovun sənətinə olan böyük sevginin və tamaşaçı rəğbətinin növbəti dəfə bariz nümunəsi olub.





Şərhlər