Mayın 31-də Bakı İstanbul Liseyində Azərbaycan və rus bölmələrinin iştirakı ilə Türk dünyasının zəngin mədəni irsini, ortaq dəyərlərini və qardaşlıq ruhunu yaşatmaq məqsədilə “Turan Festivalı” təşkil olunub.

Dərgi.az  xəbər verir ki, festival çərçivəsində Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Tuva, Altay, Qaqauz, Qaraçay-Çərkəz, Sincan Uyğur, Başqırdıstan, Yakutiya, Şimali Kipr Türk Respublikası, Kabardin-Balkar, Xakasiya, Çuvaşıstan, Tatarıstan və digər türk xalqlarının mədəniyyətini əks etdirən çıxışlar təqdim olunub.

Liseyin direktoru Səmayə Turabxanlı çıxış edərək “Turan Festivalı”nın Türk dünyasının ortaq tarixini, mədəniyyətini və qardaşlıq bağlarını gələcək nəsillərə aşılamaq baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. O, şagirdlərin hazırladığı çıxış və təqdimatların böyük zəhmət və yaradıcılıq nümunəsi olduğunu qeyd edərək tədbirin təşkilində əməyi keçən müəllim və şagirdlərə təşəkkürünü bildirib. Direktor həmçinin bu cür layihələrin şagirdlərdə milli-mənəvi dəyərlərə bağlılıq, birlik və həmrəylik hissini daha da gücləndirdiyini ifadə edib.

“Turan Festivalı”nın layihə rəhbəri Vüsalə Əliyeva çıxışında festivalın sadəcə bir tədbir deyil, Türk dünyasının ortaq ruhunu, mədəni zənginliyini və qardaşlıq dəyərlərini bir araya gətirən mənəvi körpü olduğunu qeyd edib.

Tədbir çərçivəsində VIII Muğam Televiziya Müsabiqəsinin qalibi Həzrət Əzizli tərəfindən “Bayatı-Şiraz” muğamı səsləndirilib. Həmçinin aşıq Şaiq İncəlinin yetirmələri – Adil Məmmədli, Fərman Ədilli və Məhəmməd Səfərov saz müşayiəti ilə “Paşaköçdü” və “Təbriz dübeytisi” havalarını ifa ediblər.

Festival proqramında liseyin yuxarı sinif şagirdlərinin təqdim etdiyi “Mən kiməm? Sən kimsən?” adlı səhnəcik də xüsusi maraqla qarşılanıb.

Tədbirin sonunda iştirakçılar Türk dünyasının birliyini və mədəni müxtəlifliyini əks etdirən sərgi və milli mətbəx nümunələri ilə tanış olublar. Festival iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanıb və xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.

 


















XƏBƏR NÖVÜ:

Dergi.az,

Yenilənib: 15:10 02.06.2026