Gülnarə Xəlilovanın “Miniatürlər” və “Şəbəkə” adlı kolleksiyaları Rumıniya Parlament Sarayında nümayiş etdirilib. Tədbir Rumıniya-Türkiyə Ticarət və Sənaye Palatasının 30 illik yubileyinə, Türkiyə Respublikasının 102-ci ildönümünə və Türkiyə ilə Rumıniya arasında diplomatik əlaqələrin 147 illiyinə həsr olunmuş bayram mərasimləri çərçivəsində keçirilib. Tədbir GAP Jurnalistlər Birliyi və Rumıniya-Türkiyə Ticarət və Sənaye Palatası tərəfindən təşkil olunub.
Təntənəli mərasimdə hər iki ölkənin tanınmış dövlət və ictimai xadimləri, diplomatik korpusun nümayəndələri, mədəniyyət, elm və biznes sahəsinin görkəmli şəxsləri iştirak ediblər.
“Bayram gecəsi qarşılıqlı hörmət və dostluq ruhunda keçdi, Türkiyə və Rumıniya xalqları arasında inkişaf edən əlaqələri, həmçinin iki ölkə arasında mədəni və iqtisadi əməkdaşlığın əhəmiyyətini vurğuladı. Gecədə sənətçilərin iştirakı ilə qala proqram, türk və rumın folklor çıxışları, moda nümayişi və ənənəvi türk mətbəxindən seçmələr təqdim olundu. Mənim üçün böyük şərəf idi ki, Azərbaycanı təmsil edərək milli geyim ənənələrimizi nümayiş etdirdim”, – deyə Gülnarə Xəlilova bildirib.
Dizayner ölkələr arasında mədəni əlaqələrin inkişafına verdiyi töhfəyə görə nüfuzlu GAP Oskarları mükafata layiq görülüb.
Gülnarə Xəlilova – Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya Etno-dizaynerlər Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru və Cizgi brendinin yaradıcısıdır. Onun kolleksiyaları ABŞ, Böyük Britaniya, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç, Serbiya, Şimali Kipr Türk Cümhuriyyəti və digər ölkələrdə keçirilən moda həftələri və beynəlxalq tədbirlərdə uğurla nümayiş olunub.

Şərhlər