Rejissor-quruluşçu Hikmət Rəhimovun çəkdiyi və eyni zamanda baş rolu canlandırdığı “Səkkiz” serialının ilk seriyasının premyerası baş tutub. Dramatik triller janrında olan serial ARB TV kanalında yayımlanacaq.
Layihə 12 seriyadan ibarətdir və 18+ yaş məhdudiyyəti ilə təqdim olunur. Serialın prodüseri İslam Ağadır. Ekran işində Rasim Cəfər, Yeganə Hüseynli, Elşən Rüstəmov, Loğman Kərimov, Sənan Allaz və Zülfiyyə Qurbanova rol alıblar. Peşəkar aktyor heyəti hekayənin dramaturgiyasını tamamlayan əsas amillərdən biri kimi qiymətləndirilir.
Premyera zamanı çıxış edən Hikmət Rəhimov serialın ideyasının şəxsi müşahidələrdən qaynaqlandığını bildirib. Onun sözlərinə görə, “Səkkiz” müasir insanın sevgidən məhrum olması hissini mərkəzə alır:
“1986-cı ildə anadan olmuşam və bizim nəsil kifayət qədər çətin dövrdə böyüyüb. Çox vaxt həm cəmiyyət, həm də ailə tərəfindən sevgidən məhrum olmuşuq. Bu problem bu gün artıq qlobal xarakter alıb. Sevginin olmaması münaqişələrin, müharibələrin və bir çox digər problemlərin əsas səbəblərindən birinə çevrilir. Bir-birimizi eşitmək və nəyisə dəyişməyə çalışmaq çox vacibdir. Mənim canlandırdığım qəhrəman da sevgisiz böyüyüb”.
Serialın süjeti məktəbli qızının intiharından sonra baş qəhrəmanın həyatının alt-üst olması üzərində qurulub. Bu faciəvi hadisə onun gizli uşaqlıq travmalarını üzə çıxarır, yaşadığı ağrı isə tədricən qisas ehtirasına çevrilir. Qəhrəman qızının ölümündə günahkar bildiyi insanları bir-bir izləməyə başlayır. Keçmiş həyat yoldaşı, laqeyd tibb bacısı, məktəb direktoru və ona yaxın olan şəxslər bu yolun üzərində qarşısına çıxır. Cəmiyyətdə sakit və mehriban təsiri bağışlayan bu insanın daxilində isə getdikcə dərinləşən qaranlıq üzə çıxır.
Qeyd edək ki, “Səkkiz” serialı yaxın günlərdə ARB TV-nin efirində tamaşaçılara təqdim olunacaq.

Şərhlər