Könül İbrahim yazır…

Toy nədir? Bizim həyatımızda hansı yeri tutur, nə qədər vacib prosesdir?

Bu sual son günlər beynimi məşğul edir. Təbii ki, bu əbəs yerə deyil. Çünki bir müddətdir ki, müğənni Nadir Qafarzadənin oğlunun toyuna həmkarı Ayan Babakişiyevanın qatılmaması barədə xəbərlər şou gündəminin əsas mövzusu olub. Oxunaqlı xəbər portallarından tutmuş, gündəlik oxucusu üç nəfəri keçməyən saytlaradək hamı bu məsələni müzakirə edir. Sanki toyun mahiyyəti, əsl mənası kənara atılıb, “kim gəldi, kim gəlmədi” sualı toyun mərkəzinə çevrilib. Halbuki, toy yalnız dəvətlilər siyahısından ibarət deyil.
Toylarımızda bundan da “vacib” sayılan saysız-hesabsız detallar var. Gəlinin üzərindəki qızılların miqdarı, gəlinliyinin bahalığı, makiyaj ustasının adı, belinə bağlanan qırmızı lentin qalınlığı… Oğlan evinin gətirdiyi xonçaların sayı, üzərinə qoyulan hədiyyələrin qiyməti, toyun keçirildiyi restoranın dəbdəbəsi, süfrələrin bolluğu (əslində isə israfçılıq), musiqiçilərin ifası və onların “ulduz” statusu… Bütün bunlar gündəmi daha çox məşğul edir, nəinki iki gəncin həyatına atdığı ilk addım.

Bir də qohum-əqrəbanın “üzdə səmimi, arxada göz süzdürən” baxışları, bitib-tükənməyən dedi-qodular… Toya qədərki mərhələlər isə ayrıca bir mövzudur: cehiz davası, qızıl mübahisələri, “bizim ev nə qədər verdi, onların evi nə qədər aldı” yarışması… Bu prosesdə bəzən qız evinin əsəbi pozulur, oğlan evinin sinirləri tarıma çəkilir, nəticədə isə iki gəncin ruhu yorulur, həyəcanı ölür. Toy bitməmiş gəlinlə bəyin həyat eşqi tükənir.
Bütün bunların fonunda sual yaranır: Toy budurmu? İki gəncin xoşbəxt olması üçün nəzərdə tutulan mərasim həqiqətən də bu qədər gərgin, bu qədər maddiyyata hesablanmış, bu qədər dedi-qoduya açıq bir məclis olmalıdırmı?

Toyun mahiyyəti şənlikdir, sevincdir, birliyin və ailənin başlanğıcını qeyd etməkdir. Bizdə o, işgəncəyə, yarışa çevrilir və gəlinlə bəy – arxa plana keçir. Toy bizim üçün iki gəncin yeni başlanğıc yolu deyil də, bir yarışın sonu, həngaməli finala dönür.

Bir daha soruşuram, toy budurmu? Bu bizə lazımdırmı?
P.S: indi oxucular deyəcək ki, guya, sən bu prosesləri etməmisən? kimə ağıl verirsən?
Əzizlərim, təbii ki, keçməmişəm. Məsələn mən toyumda qızıl, xonça istəməmişəm. Seçdiyim gəlinlik də, salon da çox ucuz olub. Toyda da yeyilməyən bütün təamları masaya düzməmişik. Qohumlarımız da heç məclisin bitməsini gözləmədən anamın qabağını tutub ki, “Bu gəlinin qızılı hanı?” “Xonça niyə yoxdur?”, “Qızın niyə qırmızı lent bağlamayıb?” deyə “sıxışdırıb”lar da.

Mən ton-ton cehiz də aparmamışam. Ailəmin nəyə gücü çatıb o.
Əlimizdəki pulu boş adətlərə xərcləməkdənsə, o pulu fotoaparat almışıq, 10 ildir çörəyini yeyirik.

Amma… Ammasına da gəlim. Nə qədər lazımsız adət-ənənələrdən imtina etsək də, təbii ki, bununla belə günlərlə stress yaşamışıqmı yaşamışıq. Amma stress yaşamadan bir yolunu tapmalıyıq.

 

XƏBƏR NÖVÜ:

GÜNDƏM, MANŞET,

Yenilənib: 16:44 22.09.2025