Göz rəngimiz irisdəki, yəni göz bəbəyindəki piqmentin (rəngli maddə) miqdarı ilə müəyyən edilir. Çox az piqmentli gözlər mavi, orta piqmentasiyaya malik gözlər isə yaşıl rəngdədir. Ölkəmizdə daha çox rast gəlinən qəhvəyi gözlər ən çox piqment ehtiva edən gözlərdir. Gözlərimizin hansı rəngdə olacağı, yəni nə qədər piqment istehsal edəcəyi genetik quruluşumuzla müəyyənləşir. Onlar bizə ana və ata genlərindən ötürülür.
Bəs, göz rəngini dəyişmək mümkündürmü?
Göz rəngini müxtəlif yollarla dəyişdirmək mümkündür. Lakin bu üsulların bir çoxu gözün zədələnməsi və korluqla nəticələnə bilər. Bu təhlükəli üsullar əksər ölkələrdə qadağandır.
Göz rəngini aşağıdakı üsullarla dəyişdirmək olar:
– kontakt linza;
– lazerlə irisin dəyişdirilməsi;
– rəngli süni irislərin gözün içərisinə yerləşdirilməsi.
Son vaxtlar ölkəmizdə göz rənginin “flak” üsulu ilə dəyişdirilməsinə başlanılıb. Bu üsulun hansı zərərləri var?
Türkiyədə oftalmologiya üzrə uzmanlıq ixtisaslaşması keçmiş oftalmoloq-cərrah Şahin Novruzlu mövzu ilə bağlı TNS-ə açıqlamasında bildirib ki, “flak” üsulu ilə gözün rənginin dəyişdirilməsi korluq yarada bilər: “Göz rənginin dəyişdirilməsi uzun zamandır, gündəmdə olan məsələdir. Bu, iki üsulla mümkündür:
– gözə rəngli süni bəbəyin yerləşdirilməsi;
– gözün buynuz qışasının rənglənməsi.
Hazırda Azərbaycanda tətbiq edilən “flak” üsuludur – yəni buynuz qişasının süni boya ilə rənglənməsi. Buynuz qişasında hansısa xəstəliklə əlaqədar çapıq, gözün bəbəyinin quruluşunda travma nəticəsində defekt yaranan xəstələrdə kosmetik əməliyyatlar həyata keçirilib. Bu, mövcud defekti aradan qaldırmaq məqəsdilə edilib”.
Onun sözlərinə görə, Amerika Oftalmoloqlar Cəmiyyəti buynuz qişasının boyanmasının yan təsirləri səbəbi ilə həkimlərə çağırış edib ki, bu metoddan istifadə etməsinlər: “Özünüz də diqqət etsəniz, görərsiniz ki, bir neçə rəngin qarışığından alınan rənglər estetik görünmür. Süni təsir bağışlayır.
Bu üsul gözdə quruluq, sulanma, işığa qarşı həssaslıq, iltihablanma, göz təzyiqi yaradır, infeksiyaların keçməsinə, ən əsası da korluğa səbəb olur. İnsanlar belə riskli metoddansa, kontakt linzalardan istifadə edə bilərlər”.
Şərhlər