Müğənni Lətifə fanatlarından birinin onunla bağlı hazırladığı video ilə bağlı hisslərini bölüşüb.

Dergi.az xəbər verir ki, sənətçi sosial şəbəkədə paylaşım edərək keçmişdəki özü ilə yenidən qarşılaşmağın onda kövrək anlar yaşatdığını bildirib.

Lətifə qeyd edib ki, videoda həyatının müxtəlif dövrlərini, yaşadığı dəyişiklikləri və keçdiyi yolu yenidən görüb.

“Bu görüntülərdə özümün hər bir versiyamla yenidən qarşılaşdım. Hər biri ayrı bir dövr, ayrı bir hekayə, ayrı bir mən. Etiraf edim ki, göz yaşlarımı saxlamaq çətin idi”, – deyə müğənni yazıb.

İfaçı vurğulayıb ki, keçmişdə yaşadıqlarının hər biri onun bugünkü şəxsiyyətinin formalaşmasında rol oynayıb. O, həyatının heç bir mərhələsindən imtina etməyəcəyini və bütün təcrübələrinə minnətdar olduğunu bildirib.

Lətifə həmçinin bu gün olduğu qadına, keçdiyi yola və qazandığı təcrübələrə görə Allaha şükür etdiyini qeyd edib.

“Bu gün geriyə baxanda anlayıram ki, hər şeyin öz zamanı, hər yaşanmışlığın öz hikməti var imiş. Keçmişdəki bütün versiyalarıma sevgi və minnətdarlıqla baxıram. Qarşıdakı versiyalarımı isə eyni inamla, eyni şükürlə qarşılayacağam”, – deyə sənətçi əlavə edib.

Müğənni paylaşımını gələcəyə inamını ifadə edən sözlərlə tamamlayıb və həyat hekayəsinin davamını Allaha əmanət etdiyini vurğulayıb.