58 yaşlı dünya ulduzu Kylie Minogue Avstraliya Futbol Liqasının (AFL) Grand Finalı öncəsi Melburn Kriket Stadionunda səhnəyə çıxıb.
Dergi.az xəbər verir ki, 100 minə yaxın tamaşaçının izlədiyi şouda 20 dəqiqəlik çıxış edən müğənninin bunun qarşılığında 3 milyon dollar qazandığı bildirilir.
Minogue proqramına “Love At First Sight” mahnısı ilə başlayıb. Ardınca “Your Eyes”, “On A Night Like This” və “Spinning Around” kimi məşhur hitlərini səsləndirib.
Lakin pop ulduzunun performansı izləyiciləri iki yerə bölüb. Bəzi tamaşaçılar çıxışı “karaoke”yə bənzədərək səs keyfiyyətini, səhnə dekorasiyasını və rəqqasların performansını tənqid ediblər.
Digər izləyicilər isə Minogue-un şousunu yüksək qiymətləndirərək onun gecənin ən yaxşı çıxışlarından birinə imza atdığını yazıblar.
Müğənni səhnədə avstraliyalı bəstəkar William Barton və The Inspired Unemployed ilə birlikdə “The Loco-Motion” mahnısını da ifa edib. G Flip “Padam Padam” mahnısında ona qoşulub, DJ Dom Dolla isə “Can’t Get You Out Of My Head” hitinə öz versiyasını əlavə edib.
Qeyd edək ki, Kylie Minogue-un AFL tərəfindən uzun müddətdir arzulanan ifaçılardan biri olduğu bildirilirdi. Gözlənilən şou stadionu tam dolduran tamaşaçılar qarşısında baş tutub.
