“Avroviziya 2011” qalibi Nigar Camal vahid məktəbli forması ətrafında yaranan müzakirələrə münasibət bildirib.

Dergi.az xəbər verir ki, müğənni sosial şəbəkədə paylaşım edərək insanları təxribatlara uymamağa və milli birliyi qorumağa çağırıb.

Nigar Camalın sözlərinə görə, vahid məktəbli formasının tətbiqini dini inancın məhdudlaşdırılması kimi təqdim etmək düzgün deyil.

“Dövlətin tətbiq etdiyi vahid məktəbli geyimi ilə bağlı qaydaları başqa yerlərə yozub, milləti iki hissəyə bölmək olmaz. Təxribatlara, başqa ölkələrin daxili siyasətimizə qarışmağına icazə verməyin. Biz Vətən müharibəsini birliyimizlə qazandıq, bu bütövlüyə zərər vurmayın”, – deyə ifaçı bildirib.

Müğənni vurğulayıb ki, məktəbli forması insanların dini inancına mane olmur. O, valideynləri və təhsil işçilərini həssas məsələlərdən istifadə edən şəxslərin çağırışlarına qarşı diqqətli olmağa səsləyib.

Nigar Camal həmçinin qız uşaqlarının hicaba görə məktəbə buraxılmaması ilə bağlı müzakirələrə toxunaraq valideynlərin qərarlarının uşaqların təhsilinə təsirinə diqqət çəkib.

“Vətəninizi hansısa şəriət ölkəsinin siyasi təxribatına qurban verməyin”, – deyə müğənni çağırış edib.

Sonda Nigar Camal vahid məktəbli formasını dəstəklədiyini bəyan edib və sənət yoldaşlarını da bu mövqeyə qoşulmağa çağırıb.