Azər Aydəmir: “Hələ ki, bizi dünya səviyyəsində uca edəcək əsl kino yoxdur”
Tanınmış aktyor Azər Aydəmir Musavat.com-un suallarına cavab verib.
Onunla müsahibədə Azərbaycan kinosunun real mənzərəsindən, Kinematoqrafçılar İttifaqındakı yeni hədəflərindən, “Əqrəb mövsümü”nün üçüncü sezonundan, yeni “İslahat” serialından və aktyorların əsas problemlərindən danışdıq:
– Xalq artisti Şəfiqə Məmmədova Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçildi. Sizcə, onun rəhbərliyi ilə İttifaqda hansı yeniliklər və dəyişikliklər olacaq? Azərbaycan kinosunun inkişafı baxımından hansı addımları gözləyirsiniz?
– Mədəniyyət Nazirliyinin tərkibində fəaliyyət göstərən Kino Agentliyində yeni və gənc nəsil məmurlarla çalışırıq. Onlar çox peşəkar, aktiv və ən qısa zamanda Azərbaycan kinosunun reallıqlarına uyğunlaşa bilən adamlardır. Amma təbii ki, bu transformasiya prosesində təməli qoyulmuş, artıq oturuşmuş nəsli də unutmaq olmaz. Onların fikirləri, istəkləri, niyyətləri və Azərbaycan kinosuna baxış bucağı diqqətdən kənarda qalmamalıdır. Məhz buna görə də Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri vəzifəsinə yenidən seçilməsi böyük əhəmiyyət daşıyır. O, təcrübəli sənətkarlar ilə gənc nəsil arasında körpü rolunu oynayır. Şəfiqə xanımın təcrübəsi bu iki nəsil arasında dialoqun qurulmasında, sənət adamlarımızın istək və niyyətlərinin nəzərə alınmasında əvəzsizdir. O, yeni keçid dövrünün daha ədalətli və qaydalarına uyğun şəkildə həyata keçirilməsini təmin edəcək.

– Siz də Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni tərkibdə formalaşan İdarə Heyətinin üzvü seçilmisiniz. Bu vəzifədə əsas prioritetiniz nə olacaq? İttifaqa bir aktyor kimi hansı töhfəni vermək istəyirsiniz?
– İttifaqın İdarə Heyətinə üzv seçilməyimə görə qurumun rəhbərliyinə və üzvlərinə təşəkkürümü bildirirəm. Yeni vəzifədə əsas prioritetim öz nəsil həmyaşıdlarımın, aktyorların və bütövlükdə kino camiəsinin maraqlarını layiqincə qorumaqdır. Kinematoqrafçılar İttifaqını yeni Azərbaycan kinosunun və müasir reallıqların çağırışlarına cavab verən real alətə çevirmək, həmçinin kino xadimləri üçün daha rahat və əlverişli fəaliyyət mühiti yaratmaq əsas məqsədimdir.
– Son illərdə tez-tez “Azərbaycanda kino yoxdur” fikrini eşidirik. Siz aktyor və kino sənayesinin içində olan biri kimi bu fikirlə razısınızmı? Əslində, problem nədədir?
– “Azərbaycanda kino yoxdur” fikri ilə tam razı deyiləm. Yox, Azərbaycanda kino var, hər zaman da olub. Əsas məsələ odur ki, çəkilən həmin o filmlər tamaşaçılar tərəfindən nə dərəcədə bəyənilir və maraqla qarşılanır? Eyni zamanda, xarici auditoriya üçün nə dərəcədə cəlbedicidir?
Bəli, kino prosesi mövcuddur: peşəkar sənətkarlar, rejissorlar, aktyorlar və ssenari müəllifləri var. Amma söhbət həm yerli, həm də dünya auditoriyası qarşısında bizi uca edəcək, dırnaqarası əsl “böyük kinosumuzun” hələ tam formalaşmamasından gedirsə, bu mənada səslənən tənqidlərlə razıyam.
– “Əqrəb mövsümü” serialının üçüncü sezonunu tamaşaçılar səbirsizliklə gözləyirlər. Üçüncü mövsüm olacaqmı? Əgər olacaqsa, tamaşaçını bu dəfə hansı yeniliklər gözləyir?
– “Əqrəb mövsümü”nün üçüncü sezonunun çəkilməsi ilə bağlı müzakirələr və müəyyən planlar mövcuddur. Birmənalı olaraq bu mövsüm baş tutacaq, lakin layihənin vaxtı və dəqiq çəkiliş tarixləri hələlik tam dəqiqləşməyib.
– Sosial şəbəkə hesabınızda yeni bir serialın anonsunu paylaşmısınız və həmin paylaşımı səhifənizdə pinləmisiniz. Bu, layihənin sizin üçün xüsusi əhəmiyyət daşıdığını göstərir. Hansı serialdan söhbət gedir və tamaşaçı nə gözləməlidir?
– Sosial şəbəkələrdə anonsunu paylaşdığım layihə “İslahat” adlanır. Bu mövzuya, seriala və onun hekayəsinə həqiqətən də çox güc və əmək sərf etmişəm. Bu layihəni reallaşdırmğı çox istəyirəm, lakin bunun üçün müəyyən investorlara, maliyyə dəstəyinə və ən əsası, bu hekayəyə mənim qədər inanacaq tərəfdaşlara ehtiyac var.

– Son dövrlərdə ölkəmizdə keçirilən bir çox mühüm tədbirin təşkilati prosesində də yer alırsınız. Aktyor olmaqla yanaşı, təşkilatçılıq fəaliyyətinə vaxt ayırmağınız sizi əsas peşənizdən – aktyorluqdan uzaq salmır?
– Rəhbərlik etdiyim “Aydəmir Entertainment” şirkəti təkcə kino, serial, reklam və videoçarxların istehsalı ilə məhdudlaşmır. Eyni zamanda dövlət əhəmiyyətli tədbirlərin, korporativ gecələrin, forumların, müxtəlif oyunların açılış və bağlanış mərasimlərinin təşkili də şirkətimizin fəaliyyət istiqamətlərinə daxildir. Bu sahədə də kifayət qədər ciddi işlər görürük.
Bunun əsas səbəbi güclü komandamızın olmasıdır. Şirkətdə mədəniyyət sahəsində tanınmış, əməkdar mədəniyyət işçisi Ülviyyə xanım Könül bizimlə birlikdədir. Onun rejissorluq təcrübəsi, tədbir təşkilatçılığındakı peşəkarlığı sayəsində bu böyük bazarda “Aydent” şirkətinin də güclü mövqeyə malik olduğunu iddia edə bilirik.
– Sizcə, Azərbaycan aktyorunun ən böyük problemi nədir?
– Azərbaycan aktyorunun ən böyük problemi öz şəxsi imici və brendinq üzərində kifayət qədər işləməməsidir.

