“İşquz dövləti” bədii-sənədli filminin prodüseri Azər Aydəmir “Azərbaycan irsinə səyahət” layihəsinin uzunmüddətli proqram kimi nəzərdə tutulduğunu bildirib.

Musavat.com xəbər verir ki, prodüser bu barədə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Kino Agentliyinin baş direktoru Rəşad Əzizovun media nümayəndələri ilə görüşündə danışıb.

Azər Aydəmir qeyd edib ki, layihənin ideyası ona maraqlı gəldiyi üçün yaradıcı komanda bu təşəbbüsün ilk iştirakçılarından olmaq qərarına gəlib.

O bildirib ki, layihə çərçivəsində məhz Azərbaycanın qədim tarixinə müraciət etmələrinin bir neçə səbəbi var:

“Biz bu layihə ilə, ilk növbədə, Azərbaycan tarixinin başlanğıcına, qədim coğrafiyamıza və köklərimizə diqqət çəkmək istəyirik. Əslində, ‘Azıx mağarası: Azərbaycanın beşiyi’ filmi bu böyük layihənin yalnız başlanğıcıdır. Gələcəkdə tariximizin digər dövrləri və hadisələri haqqında da filmlər çəkiləcək. Bu istiqamətdə fəaliyyətimiz davam edəcək.

Amma həm komandamız, həm də tarixçilərimiz üçün ən maraqlı mərhələ məhz başlanğıc dövrüdür. Çünki bizi düşündürən əsas sual budur: hər şey necə başlayıb?”

Prodüser layihəyə hazırlıq mərhələsində filmin əsas ideyasının necə təqdim olunması ilə bağlı müzakirələr aparıldığını da diqqətə çatdırıb. Onun sözlərinə görə, akademik Zaur müəllimin irəli sürdüyü təklif filmin konsepsiyasının müəyyənləşməsində maraqlı rol oynayıb.

“Akademikimiz Zaur müəllim çox maraqlı bir təklif irəli sürdü. Dedi ki, filmin ən yaxşı sloqanı belə ola bilər: ‘Mən kiməm? Haradan gəlmişəm?’ Yəni bu coğrafiyanın tarixi haradan başlayır?
Məktəb və universitet illərində tarix dərsliklərində bizə müəyyən tarixi biliklər, hadisələr və inkişaf mərhələləri təqdim olunub. Lakin biz istəyirik ki, bu dəfə məsələyə daha dərindən yanaşaq, tariximizin başlanğıcını araşdıraq və tamaşaçıya fərqli baxış bucağı təqdim edək”, – deyə Azər Aydəmir vurğulayıb.

O əlavə edib ki, layihənin əsas məqsədlərindən biri Azərbaycan tarixinin qədim qatlarını araşdırmaq, bu barədə məlumatları geniş auditoriyaya çatdırmaq və milli köklərimizə fərqli prizmadan baxmaqdır.

Qeyd edək ki, “İşquz dövləti” bədii-sənədli filminin istehsalına 657 min manat vəsait ayrılması daha əvvəl ictimai müzakirələrə səbəb olmuşdu. Filmin büdcəsi sosial şəbəkələrdə və mediada diqqət çəkən məsələlərdən birinə çevrilmişdi.