Türkiyəli reper Lvbel C5 səhnə adı ilə tanınan Süleyman Burak Bodur saxlanılıb.

Dergi.az xəbər verir ki, “Sözcü” nəşrinin məlumatına görə, reperin saxlanılmasına azərbaycanlı ifaçı Asya Əlizadə ilə birgə səsləndirdiyi “K….” mahnısı səbəb olub.

İstanbul Anadolu Cümhuriyyət Baş Prokurorluğunun apardığı araşdırma çərçivəsində ifadə verən sənətçi “cinayət törətməyə açıq şəkildə təhrik” ittihamı ilə həbs tələbi əsasında məhkəməyə göndərilib.

Burak ittihamları qəbul etməyib. O, mahnı sözlərini təxəyyülünə əsasən yazdığını bildirərək xüsusi niyyətinin olmadığını deyib.

“Xəyal quraraq mahnı sözləri yazıram. Xüsusi bir qəsdim yoxdur. Şiddət ehtiva edən bir vəziyyət yoxdur, tamamilə gənclər üçün xəyali sözlərdir”, – deyə reper ifadəsində bildirib.

O, mahnını rəqəmsal platformalardan sildiyini də qeyd edib.

Məhkəmə prokurorluğun həbs tələbini rədd edib. Lvbel C5 barəsində məhkəmə nəzarəti tədbirləri tətbiq olunub: onun ölkədən çıxışına qadağa qoyulub və həftədə iki gün polis idarəsində imza verməsi qərara alınıb.

Bundan başqa, məhkəmə reperin türk ədəbiyyatı üzrə təhsilini davam etdirməsini də öhdəlik kimi müəyyənləşdirib.