Xalq artisti Emin Ağalarov konsert turu zamanı qarşılaşdığı gözlənilməz çətinliklərdən danışıb.
Dergi.az xəbər verir ki, müğənni son üç gündə yaşadığı hadisələri sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Emin Ağalarov bildirib ki, Bakıdan Aktauya uçduqdan sonra Yesentukidəki konsertə çatmaq üçün Mineralnıye Vodı şəhərindən 11 saat qatarla yol getməli olub.
“Bakıdan Aktauya uçduq. Yesentukidə konsertə getməli idik. Mineralnıye Vodıya gəldik və oradan qatara minib 11 saat yol getdik. Konsert verib yatdıq, səhər durub maşınla Krasnodara gəldik. Orada da konsert verdik”, – deyə sənətçi bildirib.
Müğənninin sözlərinə görə, daha sonra Moskvaya uçarkən də problemlə üzləşiblər. 3,5 saat davam etməli olan uçuş 5,5 saat çəkib. Rusiyada hava limanlarının gah açılıb, gah bağlanması isə səfəri daha da çətinləşdirib.
Emin Ağalarov qeyd edib ki, Moskvaya uçuşun mümkün olmadığı bildirildikdən sonra Kazana yönəliblər. Lakin onlar Kazana çatanda bu dəfə həmin şəhərin hava limanının bağlandığı açıqlanıb.
“Dedilər, səhərə qədər uçuş olmayacaq”, – deyə xalq artisti yaşadığı çətinliyi izləyicilərinə çatdırıb.
Dergi.az
