Fövqəladə Hallar Nazirliyi əlverişsiz hava şəraiti ilə əlaqədar əhalini təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb. Nazirlik intensiv yağıntılar zamanı bəzi çaylarda sel və daşqın, eləcə də ərazilərin su basması ehtimalının olduğunu bildirib.

Dergi.az xəbər verir ki, FHN təhlükəli ərazilərdən uzaq durmağı, sel və daşqın təhlükəsi yarandıqda isə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmağı və xilasedicilərin göstərişlərinə əməl etməyi tövsiyə edib.

Güclü külək zamanı yüngül və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq dayanmaq, elektrik dirəklərinin, naqillərin və hündür ağacların altında durmamaq lazımdır. Kiçikhəcmli gəmi istifadəçilərinə isə belə hava şəraitində dənizə çıxmamaq tövsiyə olunur.

FHN ildırım zamanı elektrik cihazlarını şəbəkədən ayırmağı, telefonla danışmamağı, açıq ərazidə elektrik xətləri, ildırımötürücülər, navalçalar və antenalara yaxınlaşmamağı bildirir. Hündür ağacların altında daldalanmaq da təhlükəlidir.

Avtomobildə olan şəxslərə ildırım çaxarkən hərəkəti dayandırmaq, şüşələri qaldırmaq və təhlükə sovuşanadək avtomobildə qalmaq tövsiyə edilir. Təhlükə zamanı 112 qaynar xəttinə müraciət etmək lazımdır.