Azərbaycanda oktyabrın ilk günlərində hava şəraiti kəskin dəyişəcək.

Dergi.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si axşamdan yağış yağacağı gözlənilir. Yağıntının leysan xarakterli və intensiv olacağı, şimşək çaxacağı, oktyabrın 3-ü səhərədək bəzi vaxtlarda güclənəcəyi ehtimal olunur.

Fasilələrlə yağışlı hava şəraitinin oktyabrın 4-ü səhərədək davam edəcəyi bildirilir.

Havanın temperaturu əvvəlki günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı düşəcək. Oktyabrın 3-də gecə saatlarında temperaturun 14-16, gündüz isə 16-18 dərəcə isti olacağı gözlənilir.

Rayonlarda isə oktyabrın 2-dən 5-dək hava şəraitinin qeyri-sabit keçəcəyi proqnozlaşdırılır. Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Mərkəzi Aran, Quba-Qusar və Dağlıq Şirvanın bəzi rayonlarında yağıntının leysan xarakterli və intensiv olacağı gözlənilir.

Bəzi ərazilərdə şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə isə qar yağacağı ehtimal olunur. Oktyabrın 2-si axşam və 3-də ayrı-ayrı yerlərdə yağıntıların daha da güclənəcəyi bildirilir.

Yağıntılı hava ilə əlaqədar çaylarda suyun səviyyəsinin artacağı, Böyük və Kiçik Qafqaz, Lənkəran-Astara bölgəsi və Naxçıvan Muxtar Respublikasının bəzi çaylarında qısamüddətli daşqın və sel keçə biləcəyi barədə xəbərdarlıq edilib.

Temperaturun bəzi bölgələrdə əvvəlki günlərlə müqayisədə 5-10 dərəcə enəcəyi gözlənilir.

Dergi.az