Türkiyəli məşhur müğənni Serdar Ortaç sağlığında vəsiyyətnaməsini hazırladığını və əmlakının kimlərə qalacağını müəyyənləşdirdiyini açıqlayıb. Müğənni, illər əvvəl vəfat edən qardaşının övladları arasında əmlakının bölüşdürüləcəyini bildirib.
Dergi.az xəbər verir ki, Serdar Ortaç Kadir İnanırın sağlığında mirasını bölüşdürməsini nümunə göstərərək, özünün də eyni addımı atdığını deyib. Müğənni, uzun illərdir onunla çalışan şəxslərin də vəsiyyətnamədə yer aldığını qeyd edib.
Serdar Ortaç daha əvvəl də bu mövzuda danışaraq, “Övladım yoxdur. Ona görə əmlakımı işçilərimə verəcəyəm. Onsuz da bir ev var. Onu da öz aralarında böləcəklər,” demişdi. Vəsiyyət açıqlamasından sonra müğənninin İstanbulun İstinye bölgəsində yerləşən Boğaz mənzərəli evi də yenidən gündəmə gəlib.
Müğənninin 2016-cı ildə 15 milyon lirəyə aldığı bu evin dəyərinin hazırda təxminən beş dəfə artdığı bildirilir. 750 kvadratmetrlik ərazidə yerləşən ev 8 otaq, 4 salon və 4 hamamdan ibarətdir. Xüsusi dizayna malik evdə terraslar, balkonlar, kamera sistemi və yaşıllıq sahəsi də var.
