Azərbaycanda tanınmış müğənni və Avroviziya təmsilçimiz Dilarə Kazımova DJ kimi yeni layihəsini təqdim edib.
Dergi.az xəbər verir ki, sənətçi “Running”, “PUL”, “Dəli”, “Xarizma” və “Zəng-zəng” mahnılarını remiks edərək dinləyicilərə çatdırıb. Layihədə DJ Hafex, DJ Vugarixx, DJ N.E.Z və almaniyalı DJ Jojo iştirak ediblər. “PUL”un remiksi Fidan Aliva, “Dəli”nin remiksi isə Dilarə Kazımova tərəfindən hazırlanıb.
“Remix Set (Medley)” adlı ekran işi xüsusi vizual konsepsiya əsasında hazırlanıb və layihənin ideyası Dilarə Kazımovaya məxsusdur. Klipin rejissorluğunu müğənni özü “Toxy-Foxy” yaradıcı heyəti ilə birgə həyata keçirib.
Klipdə Dilarə Kazımova DJ obrazında iki fərqli geyimdə çıxış edib və sənətçinin dostları da yer alıblar. Klipdəki stil üzərində Dilarə Kazımova və Jalə Bağırova çalışıb.
Dilarə Kazımova yeni layihəsini yaradıcılığında növbəti yenilik kimi dəyərləndirib və dinləyicilərə xoş əhval bəxş edəcəyinə ümid etdiyini bildirib. Layihə bütün rəqəmsal musiqi platformalarında əlçatan olub.
