Türkiyəli aktrisa Hazar Ergüçlü baş rolda çəkildiyi “Mutter: Bir Annenin Hatıra Defteri” filminin 27 noyabrda Türkiyə kinoteatrlarında nümayiş olunacağını açıqlayıb.

Dergi.az xəbər verir ki, Alphan Eşelinin ssenari müəllifi və rejissoru olduğu bu film, New York Tribeca Film Festivalında dünya premyerasını edib və 33-cü Adana Altın Koza Film Festivalında dörd mükafat qazanıb.

Film, Hazar Ergüçlünün canlandırdığı, travmatik bir doğum nəticəsində dünyaya gətirdiyi varlıqdan vaz keçməyən ananın mübarizəsini əks etdirir. Bu əsər, analıq, yalnızlıq və dönüşüm mövzularını qaranlıq estetiklə təqdim edir.

Hazar Ergüçlü, festivalda “Ən Yaxşı Qadın Aktyor” mükafatına layiq görülüb. Film həmçinin “Ən Yaxşı Montaj” və “Ən Yaxşı Görüntü Rejissoru” kateqoriyalarında da mükafat qazanıb.

Filmin prodüserləri arasında Hazar Ergüçlü ilə yanaşı Alphan Eşeli və Ömer Atay da yer alır. Filmdə Güven Kıraç, Ulvi Kahyaoğlu və digər tanınmış aktyorlar iştirak edir.

XƏBƏRİN VİDEOSU