Beynəlxalq musiqi qrupu Manifest ilk ingiliscə mahnısı “TRALALA” ilə Spotify Global siyahısına 46-cı sıradan daxil olub.
Dergi.az xəbər verir ki, mahnı 9 oktyabrda yayımlandığı gün dünya üzrə təxminən 1,9 milyon dinlənmə ilə Spotify-ın qlobal siyahısına daxil olub. Bu nəticə ilə Manifest dünyanın ən çox dinlənən 50 mahnısı arasında qərarlaşıb.
“TRALALA” həmin tarixdə Spotify Global siyahısına ən yüksək sıradan yeni daxil olan mahnı olub. Eyni gün siyahıya daxil olan Felipe e Rodrigonun “Pós – Ao Vivo” mahnısı isə 58-ci sırada yer alıb.
Manifestin ilk ingiliscə işinin söz və musiqisi INJI, Jonah Jurick və Alex Graf tərəfindən yazılıb. Klip Londonda çəkilib və Türkiyəyə məxsus nazar boncuğu və Türk çayı kimi detallarla zənginləşdirilib.
Qrup 16 oktyabrda Londondakı OVO Arena Wembley-də keçiriləcək konsertdə “TRALALA” mahnısını ilk dəfə canlı ifa etməyə hazırlaşır.
