Türkiyənin məşhur müğənnisi Murat Boz Bakıya səfər edib.
Musavat.com-un əldə etdiyi məlumata görə, ötən gün Türkmənistanda konsert proqramı ilə çıxış edən sənətçi daha sonra özəl təyyarə ilə paytaxtımıza gəlib.
Bakı səfəri ilə bağlı sosial şəbəkələrdə heç bir paylaşım etməyən müğənninin şəhərimizə gəlişinin əsas səbəbi isə paytaxtda keçirilən dəbdəbəli toy mərasimində iştirak etmək olub.
O Badamdar Hotel-in sahibinin oğlunun toy məclisində iştirak edib.
Mərasimin aparıcısı tanınmış teleaparıcı Leyla Quliyeva olub. Gecədə Xalq artisti Aygen Kazımova , Röya Ayxan, müğənnilər Sevda Ələkbərzadə və Zamiq Hüseynov da səhnəyə çıxaraq qonaqlar qarşısında çıxış ediblər.
Toyun diqqətçəkən qonaqlarından biri isə İtaliyanın məşhur opera müğənnisi, tenor Alessandro Safina olub. Sənətçinin Sevda Ələkbərzadə ilə duet ifa etməsi də gecənin maraqlı məqamlarından biri kimi yadda qalıb.
Beləliklə, tanınmış yerli və xarici sənətçilərin iştirak etdiyi dəbdəbəli toy musiqili proqramı və məşhur qonaqları ilə diqqət çəkib.
