Türkiyəli aktrisa Afra Saraçoğlu narkotik testinin müsbət çıxması ilə bağlı ilk dəfə açıqlama verib.
Dergi.az xəbər verir ki, aktrisa sosial şəbəkə hesabında paylaşım edərək saç nümunəsində aşkarlandığı bildirilən kokain izinin ona aid olmadığını bildirib.
Afra Saraçoğlu qeyd edib ki, istintaqdan xəbər tutan kimi xaricdəki səfərini yarımçıq dayandıraraq öz istəyi ilə Türkiyəyə qayıdıb və prosesin əvvəlindən hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edib.
Aktrisa bildirib ki, xaricdə olduğu müddətdə evində aparılan axtarış zamanı heç bir qanunsuz maddə və ya cinayət predmetinə rast gəlinməyib.
“Bizə hesabatda saç telimin analizində maddə izinə rast gəlindiyi bildirildi. Mütəxəssislərdən öyrəndiyimə görə, saç teli xarici təsirlərə son dərəcə açıq strukturdur. Peşəm tələb etdiyindən iştirak etdiyim kütləvi tədbirlərdə fərqində olmadan passiv məruz qalma və ya təmas yolu ilə də bu cür texniki izlər qala bilərmiş”, – deyə aktrisa yazıb.
Saraçoğlu qan və sidik analizlərinin təmiz çıxdığını da vurğulayıb və bunun narkotik istifadəçisi olmadığını göstərdiyini bildirib.
Aktrisa qanunsuz maddələrdən istifadənin qəti əleyhinə olduğunu da açıqlayıb:
“Qanunsuz maddələrdən istifadənin qəti əleyhinəyəm. Bunun həyatımda yeri yoxdur və heç vaxt da olmayacaq”.
Afra Saraçoğlu həmçinin proses zamanı peşəkar davranışlarına görə İstanbul İl Jandarma Komandanlığının əməkdaşlarına və digər hüquq-mühafizə orqanlarının nümayəndələrinə təşəkkür edib.
Qeyd edək ki, Saraçoğlunun saç nümunəsində kokain aşkarlandığı bildirilmişdi. Aktrisanın öz açıqlamasına görə isə qan və sidik analizləri mənfi nəticə verib.
