Yazıçı Kəramət Böyükçöl Xalq yazıçısı Çingiz Abdullayevin yaradıcılığı və populyarlığı ilə bağlı sərt fikirlər səsləndirib.
Dergi.az xəbər verir ki, o, “Zarafat bir yana” verilişində Çingiz Abdullayevin “dünya şöhrətli yazıçı” kimi təqdim olunmasını əsassız hesab etdiyini bildirib.
Kəramət Böyükçölün sözlərinə görə, yazıçının kitablarının Rusiyada bir neçə mağazada satılması onun dünya şöhrəti qazanması anlamına gəlmir.
“Çingiz Abdullayevin dünya şöhrətli yazıçı olması başdan-ayağa mifdir. Rusiyada üç-beş mağazada kitabı satılırsa, bu, dünya şöhrəti demək deyil. Dünya şöhrətli yazıçı Orxan Pamukdur. Mədəniyyət Nazirliyi sorğu keçirdi, hanı onun oxucuları? Səhifəsində status yazır, 50 adam güclə bəyənir”, – deyə o bildirib.
Yazıçı detektiv janrına da münasibət bildirərək bu istiqamətdəki əsərləri ciddi ədəbiyyat hesab etmədiyini söyləyib.
“Detektiv ciddi ədəbiyyat deyil – filankəs filankəsi öldürdü, istintaq getdi… Əsərləri məhkəmə qətnamələrinə oxşayır, kommersiya məqsədilə sexdə istehsal olunur”, – deyə Kəramət Böyükçöl fikirlərini tamamlayıb.
Dergi.az
