Türkiyənin məşhur prodüserlərindən Onur Güvenatamın rəhbərlik etdiyi OGM Pictures kino sektoruna ilk addımını atır. Şirkətin ilk tammetrajlı filmi “Köpek Balıkları” üçün hazırlıqlar sürətlə davam edir.

Dergi.az xəbər verir ki, ssenarisini Cihan Talay və Beste Bilirlə birlikdə yazan, eyni zamanda filmin rejissoru və baş rol ifaçısı olan Ali Atay aktyor heyəti ilə ilk oxuma məşqini keçirib.

Məşqdə Ali Atayla yanaşı, Türkiyə kinosunun tanınmış simaları Çağlar Çorumlu, Serkan Keskin, Evliya Aykan və Derya Karadaş da iştirak ediblər.

Aktyorların bir araya gəldiyi ilk məşqdən görüntülər və çəkiliş zamanı yaşanan əyləncəli anlar layihəyə marağı daha da artırıb. Komanda üzvləri arasındakı uyğunluq da diqqət çəkib.

OGM Pictures-ın kino sektorundakı ilk layihəsi olan “Köpek Balıkları”nın çəkilişlərinə yaxın zamanda başlanması planlaşdırılır.

Güclü aktyor heyəti və komediya janrındakı süjeti ilə diqqət çəkən filmin 2027-ci ildə kinoteatrlarda nümayiş olunması gözlənilir.