Aktyor Elcan Rəsulov atasının vəfatı ilə bağlı illərdir yaddaşından silinməyən ağır xatirələrini bölüşüb.

Dergi.az xəbər verir ki, o, “Zarafat bir yana” proqramında qonaq olarkən atasının onun qucağında dünyasını dəyişdiyini söyləyib. Həmin anları danışan aktyor göz yaşlarına hakim ola bilməyib.

Elcan bildirib ki, ailənin böyük övladı olduğu üçün atasının ölümündən sonra kiçik qardaşına sahib çıxmağa çalışıb. Həmin vaxt qardaşının cəmi 7 yaşı olub.

“Qardaşım deyirdi ki, nə oldu, ata niyə yıxıldı, gözünü niyə belə etdin? Ona dedim ki, daha ata olmayacaq, ondan nə istəyirsənsə, mənə deyərsən, edəcəyəm. Deyirdi ki, o nə alırdısa, sən alacaqsan? Universitetdə oxuyurdum, heç yerdə işləmirəm. Deyirəm, daha çox şey istə, hər şeyin yaxşısını edəcəyəm”, – deyə aktyor kövrələrək danışıb.

Sənətçi atasının vəfat etdiyi yaşa çatmasına cəmi 9 il qaldığını da bildirib. O, bu düşüncənin onda qorxu yaratdığını etiraf edib.

“Atamın öldüyü yaşa çatmağıma 9 il qalıb. Qorxuram ki, ondan da tez ölərəm. Heç vaxt ağlamadım, möhkəm olmağa çalışmışam. Nə bacarmışam, hamısını etmişəm. Özümü toplamışam, hamını güldürməyə çalışmışam”, – deyə Elcan Rəsulov əlavə edib.

Dergi.az