2013-cü ildə Rusiya vətəndaşlığı alan dünyaca məşhur fransız aktyor Jerar Depardye Fransadakı şərab zavodunu Belçika şirkətinin adına rəsmiləşdirdiyi üçün maliyyə prokurorluğunun hədəfinə düşüb.

Dergi.az xarici mediaya istinadən xəbər verir ki, söhbət aktyorun hələ 1989-cu ildə aldığı Anju bölgəsindəki “Chateau de Tigne” qəsrindən gedir. Məlumata görə, hazırda şərab şirkətinin 98,75%-nə aktyorun Belçikaya köçdükdən sonra yaratdığı “HOLDING 2712” nəzarət edir.

Məhz bu şübhəli rəsmiləşdirmə Fransanın maliyyə prokurorluğunun diqqətini çəkib və istintaq başlayıb. İstintaq şübhələnir ki, Depardye 2013-cü ildən rəsmən Belçika sakini kimi qeydiyyatda olsa da, faktiki olaraq Fransada yaşamağa və əsas biznesini orada idarə etməyə davam edib.

Hesablamalara görə, yalnız 2015-2017-ci illərdə bu sxem aktyora sərvət vergisindən təxminən 550 min avro qənaət etməyə imkan verib. 2026-cı ilin iyuluna qədər isə şərab zavodunun paylarının böyük əksəriyyəti Belçika strukturunun nəzarətinə keçirilib. Lakin təxminən 85 hektar olan üzüm bağlarının özü hələ də aktyorla bağlı Fransa şirkətlərinin mülkiyyətindədir.