Çin hökuməti son dövrlərdə populyarlığı artan bəzi romantik seriallara qarşı yeni məhdudiyyətlər tətbiq edib.

Musavat.com xəbər verir ki, yeni qaydalar xüsusilə varlı şirkət rəhbəri ilə sıradan bir qadının eşq münasibətindən bəhs edən serialları hədəfə alır.

Çinli rəsmilərin sözlərinə görə, bu cür ekran əsərləri həddindən artıq var-dövləti təbliğ edir, gənclərdə uğur və evliliklə bağlı reallığa uyğun olmayan gözləntilər formalaşdırır.

Bu səbəbdən istehsalçılardan dəbdəbəli həyat tərzinin həddindən artıq qabardılmaması və süjetlərin yalnız “varlı biri ilə evlənmək” ideyası üzərində qurulmaması tələb olunur.

Qərar Çində müxtəlif reaksiyalara səbəb olub. Bəzi şəxslər bu addımın gənclərə mümkün təsirlərə görə zəruri olduğunu düşünür. Digərləri isə yeni məhdudiyyətlərin yaradıcılıq azadlığını məhdudlaşdırdığını bildirir.

Bəs aktyorlar bu qadağalar haqqında nə düşünür?

Tanınmış aktrisa Zarina Qurbanova hesab edir ki, bu, yanlış addımdır:

“Məncə, bu, yanlış addımdır. Çünki film həyatda baş verən hadisələrin daha estetik, daha gözəl formada tamaşaçıya çatdırılaraq ekranda əks etdirilməsidir.

O hadisələr real həyatda var, baş verir. İnsan onları necə görməməzliyə vura bilər? Məncə, bu cür mövzuların göstərilməsi insanın əxlaqını pozmur. Əksinə, insanı düşündürür.

Bu məsələnin başqa bir tərəfi də var. Romantika və dram janrları yavaş-yavaş azaldıqca sanki insanlar da getdikcə robotlaşmağa çalışırlar. Çünki duyğuların, hisslərin ön planda olduğu filmlər getdikcə azalır.

Ümumiyyətlə, dünyada komediya janrında filmlərin daha çox çəkilməsi müşahidə olunur. Çünki insanlar gündəlik həyatda çox işləyir, yorulur və bir qədər rahatlamağa, beynini boşaltmağa ehtiyac duyurlar. Bu baxımdan komediya filmlərinə daha çox üstünlük verilir.

Amma bununla yanaşı, dram, romantika və digər janrları tamamilə kənara qoymaq, onlara qadağa qoymaq da, məncə, doğru yanaşma deyil. Kino yalnız insanı əyləndirmək üçün deyil, həm də düşündürmək, hiss etdirmək və real həyatı göstərmək üçündür”.

Aktrisa Elif Aysel Nazim isə hesab edir ki, Çin bu məsələdə doğru qərar verib. O bildirib ki, real həyatda varlı kişilərin kasıb qadınlarla ailə qurması heç də həmişə baş vermir.

“Sənət azad olmalıdır. Amma təəssüf ki, cəmiyyətimizdə bəzən həddindən artıq azadlıq anarxiyaya çevrilir. Ona görə də bəzi məqamlarda müəyyən qadağaların və sərhədlərin olması, məncə, heç də pis deyil.

Çin də Yer kürəsinin ən mühüm ölkələrindən biridir. Ağıllı insanlardır. Deməli, nəyisə bizdən əvvəl düşünüb, nəyisə bilirlər ki, bəzi şeylərə qadağa qoyurlar.

Çünki real həyatda da acı bir həqiqət var: varlı oğlan çox vaxt kasıb qızı seçmir, onunla ailə qurmağa tələsmir. Amma bəzən keçmişi və həyat tərzi ilə bağlı cəmiyyətdə fərqli düşüncələr formalaşmış bir qadınla ailə qurmağa daha rahat yanaşa bilir.

Təəssüf ki, “kasıb, amma namuslu” qızın dəyəri bəzən maddi imkanların və sosial statusun kölgəsində qalır”.

Könül
Musavat.com