Payız yağışları başlayanda təhlükə təkcə küçələrdə yaranmır. Güclü yağış köhnə binaların dam örtüyündən tutmuş zirzəmilərə, fasadlara və hətta mənzillərin özünə qədər ciddi problemlər yarada bilər. Bakıda yağış sularının idarə olunması ilə bağlı infrastrukturun bir hissəsinin köhnəlməsi isə məsələni daha da aktuallaşdırır.
Bəs yağış zamanı hansı binalar daha çox risk altındadır?
Köhnə binalar daha çox risk daşıyır
Payız yağışları zamanı ilk növbədə dam örtüyü köhnəlmiş binalar diqqətdə saxlanmalıdır. Xüsusilə uzun illər təmir olunmayan damlarda yağış suyunun keçməsi tavanda ləkələrin yaranmasına, divarların nəmlənməsinə, suyun elektrik xətlərinə yaxınlaşmasına və zamanla tikinti konstruksiyalarının zədələnməsinə səbəb olur.
Burada problem yalnız yağışın güclü yağması deyil. Damda suyun axıdılması üçün nəzərdə tutulan novların, boruların və digər qurğuların tutulması da suyun binaya doğru yönəlməsinə səbəb ola bilər. Mənzil Məcəlləsinə görə dam örtüyü, zirzəmi, mühəndis qurğuları və birdən çox mənzilə xidmət edən digər hissələr çoxmənzilli binanın ümumi əmlakına daxildir. Yəni dam yalnız sonuncu mərtəbədə yaşayan sakinin problemi hesab edilmir.
Zirzəmi su ilə dolursa…
Payız yağışlarının digər təhlükəli nəticəsi zirzəmilərin su basmasıdır. Xüsusilə yer səviyyəsindən aşağı yerləşən və drenaj sistemi zəif olan binalarda güclü yağışdan sonra zirzəmiyə su daxil ola bilər. Bu, ilk baxışda sadəcə su basması kimi görünsə də, uzun müddət davam etdikdə daha ciddi nəticələr yarada bilər. Zirzəmidə rütubətin artması kif və göbələyin yaranmasına, metal konstruksiyaların korroziyasına, elektrik avadanlıqlarının sıradan çıxmasına və binanın ümumi vəziyyətinə mənfi təsir göstərir.
Bakının yağış suları sistemi ilə bağlı rəsmi məlumatda hazırda şəhərdə 156 kilometr yağış kanalizasiya xəttinin olduğu bildirilir. Eyni zamanda, şəhərin su və kanalizasiya infrastrukturunun böyük hissəsinin əvvəlki dövrlərdə qurulub, bəzi magistral xətlərin istismar müddəti başa çatıb. Məsələnin miqyasını 2026-cı ilin mayında Bakıda qeydə alınan intensiv yağış da göstərdi.
Yağış suyu mənzilə haradan daxil ola bilər?
Sakinlərin çox vaxt yalnız damı yoxlaması kifayət etmir. Yağış suyu binaya bir neçə yolla daxil ola bilər:
dam örtüyünün zədələnməsi
yağış novlarının və borularının tutulması
fasadda və ya pəncərə ətrafında çatların olması
zirzəmi və girişlərdə su izolyasiyasının zəif olması
binanın ətrafında suyun axını üçün düzgün şəraitin olmaması
kanalizasiya və yağış sularının axıdılması sistemində problem yaranması.
Xüsusilə birinci mərtəbədə yaşayanlar və zirzəmisi mənzilin altında yerləşən binalarda yaşayanlar yağışdan sonra divarlarda nəm, boya qabarması, pis qoxu və su izləri yaranmasına diqqət etməlidirlər.
Bəs MTK məsuliyyət daşıyır?
Burada vacib məqam var: hər problemi avtomatik olaraq MTK-nın üzərinə qoymaq düzgün deyil. Binanın hansı qurum tərəfindən idarə edildiyi və idarəetmə müqaviləsinin şərtləri müəyyənedici əhəmiyyət daşıyır. Mənzil Məcəlləsinə əsasən çoxmənzilli binanın idarə olunması sakinlər üçün təhlükəsiz yaşayış şəraitini və ümumi əmlakın lazımi saxlanmasını təmin etməlidir. Qanunvericilikdə binanın idarə edilməsi üçün birbaşa mülkiyyətçilərin idarə etməsi, mənzil mülkiyyətçiləri müştərək cəmiyyəti və ya idarəedici təşkilat kimi müxtəlif formalar nəzərdə tutulur.
Əgər bina idarəedici təşkilat tərəfindən idarə olunursa, həmin təşkilatla bağlanan müqavilədə ümumi əmlakın saxlanması və təmiri üzrə görüləcək işlər göstərilməlidir. İdarəedici təşkilat müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədikdə, sakinlərin həmin müqavilənin şərtlərinə uyğun hüquqları yaranır. Bu səbəbdən sakin yağışdan sonra mənzilinə su daxil olursa, ilk növbədə problemin damdan, fasaddan, ümumi borulardan, zirzəmidən, yoxsa küçə kanalizasiya sistemindən qaynaqlandığını müəyyənləşdirməlidir.
Yeni binalar da risksiz deyil
Yeni tikili olması binanın yağış probleminə qarşı tam təhlükəsiz olması demək deyil. Burada tikintinin keyfiyyəti, su izolyasiyası, damın layihəyə uyğun hazırlanması, yağış sularının düzgün istiqamətləndirilməsi və binanın istismara verilmə vəziyyəti önəmlidir.
Çoxmənzilli binanın istismara buraxılması zamanı onun yükdaşıyan konstruksiyalarının dayanıqlığı, mühəndis-kommunikasiya sistemlərinin hazırlığı və digər texniki məsələlər qiymətləndirilir. Ona görə yeni binada yaşayan sakinlər də “bina təzədir, problem olmaz” düşüncəsi ilə kifayətlənməməlidir.
Yağışdan əvvəl sakin nəyi yoxlamalıdır?
Payızın ilk güclü yağışını gözləmədən binanın ümumi vəziyyətinə baxmaq daha təhlükəsizdir. Sakinlər xüsusilə bunları yoxlatdırmalıdır:
Dam: su sızması, çat, qopmuş örtük və tutulmuş novlar.
Zirzəmi: su izləri, rütubət, nasosların vəziyyəti və kanalizasiya xətləri.
Girişlər: yağış suyunun binanın girişinə və lift şaxtasına doğru axıb-axmadığı.
Fasad: çatlar, qopmuş suvaq və pəncərələrin ətrafındakı boşluqlar.
Yağış boruları: boruların tutulub-tutulmadığı və suyun binanın divarına axıb-axmadığı.
Elektrik sistemi: zirzəmidə və digər ümumi sahələrdə elektrik avadanlığının su ilə təmas riski.
Problem əvvəlcədən görünürsə, foto və video ilə qeydə alınması da vacibdir. Bu, sonradan problemin nə vaxt yarandığını və idarəetmə qurumuna müraciətin edildiyini göstərmək baxımından əhəmiyyətlidir./yenisabah
