Amerikalı aktrisa və model Nikole Ritchinin 18 yaşlı qızı Keyt Medden Balenciaga brendi üçün çəkilişdə model kimi debüt edib.
Dergi.az xəbər verir ki, Keyt Medden və anası Nikole Ritchi Balenciaga-nın Le City çantasının 25 illiyinə həsr olunmuş reklam kampaniyasında iştirak ediblər. Nikole Ritchi 2000-ci illərin əvvəlində bu çantanı populyarlaşdıran simalardan biri olub.
Çəkilişdə Keyt Medden qara mini don və yüksək çəkmələrdə, əlində sarı Balenciaga Le City çantası ilə poz verib. W Magazine-ə müsahibəsində o, bu modeldən üç çantaya sahib olduğunu və tez-tez anasının böyük kolleksiyasından çanta götürdüyünü bildirib.
Nikole Ritchi və müğənni Coel Meddenin qızı olan Keyt Meddenin 17 yaşlı qardaşı da var. Nikole Ritchi, məşhur müğənni Layonel Ritchinin övladlığa götürdüyü qızıdır.
