Aktyor Türkay Cəfərli İctimai Televiziyada yayımlanmağa başlayan “Sığınacaq: Əkizlər” serialındakı obrazı ilə diqqət çəkib.
Dərgi.az xəbər verir ki, “Sığınacaq: Əkizlər” serialı sentyabrın 14-dən etibarən həftəiçi 4 gün, saat 19:15-də İTV-də tamaşaçılara təqdim olunur.
Serial bir-birindən ayrı düşmüş iki bacının həyat hekayəsindən bəhs edir. Ekran işində qadın taleləri və onların qarşılaşdığı həyat sınaqları əsas mövzulardan biri kimi təqdim olunur.
Serialın rejissoru Rüfət Şahbazov, baş prodüseri isə Yalçın Verdiyevdir.
Ekran işində Natavan Abbaslı, Türkay Cəfərli, Manaf Dadaşov, Ofeliya Novruzqızı, Elsevər Rəhimov və Saleh Əzim rol alıblar.
“Sığınacaq: Əkizlər” serialının əsas səhnələri Əmircan qəsəbəsində lentə alınıb. Serialın ilk bölümlərində aktyor Türkay Cəfərlinin canlandırdığı Samir obrazının səhnələri xüsusilə diqqət çəkib. Aktyorun ekran işi çərçivəsində təqdim etdiyi səhnələr sosial şəbəkələrdə də müzakirə mövzusuna çevrilib.
