“Adore” mağazalar şəbəkəsi ilə bağlı müştəridən şikayət daxil olub.

Dərgi.az  xəbər verir ki, Nərmin adlı müştəri mağazadan aldığı bir neçə kosmetik məhsulun istifadə müddətinin bitdiyini sonradan aşkar etdiyini iddia edib.

Müştərinin sözlərinə görə, o, “Adore” mağazasından 50 faiz endirimlə bir neçə məhsul alıb. Məhsulları evdə yoxladıqdan sonra onların üzərində qeyd olunan istifadə müddətinin başa çatdığını görüb.

Nərmin iddia edir ki, məhsullardan istifadə etdikdən sonra gözlərində allergik reaksiya yaranıb. O, səhhətində yaranan problemin məhz aldığı kosmetik vasitələrlə əlaqəli olduğunu düşündüyünü bildirib.

Məhsulları mağazaya qaytarmaq istəyib

Müştəri istifadə müddəti keçmiş məhsulları mağazaya qaytarmaq və məsələ ilə bağlı izahat almaq üçün satış nöqtəsinə müraciət etdiyini deyib.

Onun iddiasına görə, mağaza əməkdaşları məhsulları geri qəbul etməkdən imtina ediblər.

Nərmin bildirib ki, endirimli məhsulların satışa çıxarılması ilə yanaşı, onların istifadə müddətinin də alıcı üçün aydın şəkildə yoxlanılması vacibdir. O, istehlakçıların bu cür hallarla üzləşməməsi üçün kosmetik məhsullar alarkən qablaşdırmanın üzərindəki istehsal və son istifadə tarixlərinə diqqət etməyə çağırıb.

Məsələ ilə bağlı “Adore” mağazalar şəbəkəsinin mövqeyi isə hələlik açıqlanmayıb.

Qeyd edək ki, kosmetik məhsulların istifadə müddətinin keçməsi onların keyfiyyətinə və təhlükəsizliyinə təsir göstərə bilər. Xüsusilə göz ətrafında istifadə olunan məhsullarda belə hallara qarşı diqqətli olmaq tövsiyə edilir.

Hadisə ilə bağlı əlavə məlumat və qarşı tərəfin açıqlaması daxil olacağı təqdirdə təqdim edəcəyik.