Moskvada “Xudojestvennıy” kinoteatrında “Ağır Lüks” serialının premyerası keçirilib. Serialın baş prodüseri Fyodor Bondarçukdur.

Dergi.az xəbər verir ki, premyeraya baş rolların ifaçıları İvan Yankovski həyat yoldaşı Diana Pojareskaya ilə birlikdə, eləcə də Paulina Andreyeva qatılıblar. Qonaqlar arasında Aqlaya Tarasova, Alla Siqalova oğlu Mixail ilə, Anton Pinski həyat yoldaşı Yelena ilə, Karina Razumovskaya, Dmitri Çebotarov və Yelizaveta Klimova da yer alıb.

“Ağır Lüks” rejissor İlya Aksyonovun kriminal dramıdır və Rublyovkada lüks saxta mallar dünyasından bəhs edir. Serialın baş qəhrəmanı Ksenya (Paulina Andreyeva) varlı inşaatçı ilə evlidir və bahalı brendlər, qapalı klublar dünyasında yaşayır. Ksenya təsadüfən ərinin məşuqəsini öldürdükdən sonra cəza almamaq və statusunu qorumaq üçün gizli şəkildə elit brendlərin saxta çantalarının satışına başlayır. Ona bu işdə qardaşı Seryoqa (İvan Yankovski) kömək edir, o, yaxınlarda həbsdən çıxıb.